Türkiyə atəşkəsdən sonra Ukraynaya sülhməramlı qüvvə göndərə bilər.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsində daimi atəşkəsin təmin olunması məqsədilə həyata keçiriləcək bütün konstruktiv təşəbbüslərə töhfə verməyə hazırdır.
Bu kontekstdə Türkiyənin “İstəklilər Koalisiyası”na fəal şəkildə qoşulduğu qeyd olunub:
“Türkiyənin Ukraynaya sülhməramlı qüvvələr göndərməsi üçün ilk növbədə atəşkəs təmin edilməli, ardınca isə vəzifə bölgüsü dəqiq müəyyənləşdirilmiş bir missiyanın formalaşdırılması və hansı ölkənin hansı həcmdə töhfə verəcəyinin aydınlaşdırılması zəruridir.
Türkiyə regional sahiblik prinsipi çərçivəsində Qara dənizdə tarazlığı təmin edən və bölgənin təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyan “Montrö Boğazlar Konvensiyası”nı diqqətlə, məsuliyyətli, tərəfsiz və güzəştsiz şəkildə tətbiq edib və bunu belə də davam etdirəcək”, - Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd edək ki, Parisdə keçirilən “İstəklilər Koalisiyası” sammitinin bəyannamə layihəsinin ilkin versiyası yayımlanıb. Bəyannamə layihəsində ABŞ-ın müəyyən öhdəlikləri əks olunub. Belə ki, Rusiya tərəfindən mümkün hücum baş verərsə, ABŞ koalisiyanın Avropa qüvvələrinə dəstək göstərə bilər.
Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz “Sherg.az”a deyib ki, Türkiyənin bu mövqeyi hərbi eskalasiyaya qoşulmaq deyil, əksinə, nəzarətli sülh və sabitlik istehsalçısı rolunu ön plana çıxarmaqdır:
“Atəşkəs ön şərtdir. Türkiyə açıq şəkildə bildirir ki, atəşkəs olmadan sülhməramlı missiya mümkün deyil. Türkiyə “kim nə qədər və harada” sualının cavablandırılmadığı, qeyri-müəyyən bir missiyaya qoşulmayacağını göstərir. Ankara özünü müharibənin tərəfi deyil, həllin memarlarından biri kimi mövqeləndirir. Türkiyə müharibə boyu həm Kiyev, həm də Moskva ilə danışıq kanallarını açıq saxlayan nadir ölkələrdəndir. Taxıl dəhlizi və məhbus mübadilələri bu etibarlılığın real nümunəsidir. Türkiyə NATO üzvü olmaqla yanaşı, sahə reallıqlarını oxuya bilən bir ordudur. Bütün bunlar sülhməramlı missiyanın “kağız üzərində” yox, sahədə işlək olmasına töhfə verə bilər. Ankara münaqişənin həllində fəal rol oynaması regionda strateji diplomatik ağırlığın artırır və “blok içində tarazlıq yaradan aktor” rolunu möhkəmləndirir.