- Belə bir şəraitdə təşkilatın əvvəlki yanaşmalarla effektiv nəticə əldə etməsi artıq mümkün görünmür
ATƏT məkanında çox qeyri-sabit və təlatümlü vəziyyət hökm sürür. Bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, belə olan təqdirdə, həm ATƏT, həm üzv ölkələrin çox fəal əməkdaşlığı, ATƏT-in potensialında olan bütün alətlərdən istifadə etmək və ölkələrin konsensus əsaslı, fəal əməkdaşlığı tələb olunur ki, ATƏT öz əhəmiyyətini qoruyub saxlaya və münaqişələrinə həllinə əməli töhfə verə bilsin. Azərbaycan dövləti olaraq öz tərəfimizdən bu prinsiplərə sadiqliyimizi təsdiq etdik.
Mövzunu şərh edən politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Ceyhun Bayramovun səsləndirdiyi fikirlər hazırkı beynəlxalq təhlükəsizlik reallıqlarının obyektiv qiymətləndirilməsi kimi dəyərləndirilə bilər: 
“Doğrudan da, ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır. Təşkilatın fəaliyyət məkanında Rusiya-Ukrayna müharibəsi, Cənubi Qafqazdakı yeni geosiyasi reallıqlar, hibrid təhdidlər, enerji təhlükəsizliyi və etimad böhranı kimi amillər təhlükəsizlik arxitekturasını ciddi şəkildə dəyişib. Belə bir şəraitdə təşkilatın əvvəlki yanaşmalarla effektiv nəticə əldə etməsi artıq mümkün görünmür. Nazirin konsensus və mövcud mexanizmlərdən səmərəli istifadə ilə bağlı vurğusu da məhz bu reallıqdan irəli gəlir. ATƏT-in əsas üstünlüyü onun inklüziv platforma olmasıdır. Lakin qərarların konsensus əsasında qəbul edilməsi, bir tərəfdən təşkilata legitimlik qazandırsa da, digər tərəfdən dərin siyasi ziddiyyətlər fonunda qərar qəbuletmə prosesini çətinləşdirir. Bu səbəbdən təşkilatın effektivliyi ilk növbədə üzv dövlətlərin siyasi iradəsindən və qarşılıqlı etimad yaratmaq istəyindən asılıdır”.
Politoloqun fikrincə, Azərbaycanın yanaşması da bu kontekstdə praqmatik görünür:
“Rəsmi Bakı uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinin ardıcıl tətbiqinin vacibliyini vurğulayıb. Bu gün regionda yaranmış yeni reallıqlar fonunda ATƏT-in də fəaliyyətini dəyişən geosiyasi şərtlərə uyğunlaşdırması, qarşıdurmaların idarə olunması, etimadın möhkəmləndirilməsi və dialoq platforması kimi rolunu gücləndirməsi zərurəti daha aydın görünür. Bir sözlə, Ceyhun Bayramovun açıqlaması ATƏT-in böhran yaşadığı barədə bədbin qiymətləndirmədən daha çox, təşkilatın mövcud potensialının siyasi iradə və konstruktiv əməkdaşlıq hesabına yenidən səmərəli işlək mexanizmə çevrilə biləcəyinə dair mesaj kimi qiymətləndirilə bilər. Mövcud geosiyasi şəraitdə beynəlxalq təhlükəsizlik institutlarının rolunun zəifləməsi deyil, onların dəyişən çağırışlara uyğunlaşaraq daha çevik və nəticəyönümlü fəaliyyət göstərməsi əsas ehtiyac kimi ön plana çıxır”.