Avropa liderlərinin 2028-ci ildə Bakıya toplaşması unikal fürsətlər yaradacaq - ŞƏRH

  • “Bakı Avropa ilə Asiya arasında yeni siyasi körpüyə çevrilir”

Prezident İlham Əliyevin noyabrın 12-də Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirakı Azərbaycanın Avropa ilə münasibətlərinin genişlənən siyasi və strateji məzmununu nümayiş etdirib. Sammit çərçivəsində keçirilən görüşlərə və müzakirələrin gündəliyinə nəzər saldıqda mühüm nəticə ortaya çıxır: Azərbaycan Avropanın enerji təhlükəsizliyi, iqtisadi bağlantıları və regional sabitlik məsələlərində əməkdaşlığına ehtiyac duyulan tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Rəsmi Bakının güclü mövqeyinin formalaşmasında Prezident İlham Əliyevin diplomatik təcrübəsi, şəxsi nüfuzu və milli maraqları uzunmüddətli əməkdaşlıq imkanları ilə uzlaşdırmaq bacarığı mühüm rol oynayır.

Sammitin Azərbaycan üçün əhəmiyyəti görüşlərin sayı ilə yanaşı, onların məzmununda və davamı üçün yaratdığı imkanlarda görünür. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən məqsədyönlü diplomatiya Azərbaycanın milli maraqlarını daha geniş əməkdaşlıq gündəliyində təmsil edir. Qarşıdakı mərhələdə əldə olunan siyasi anlaşmaların investisiya, enerji, nəqliyyat və elmi əməkdaşlıq layihələrinə çevrilməsi Azərbaycanın Avropa siyasi məkanındakı mövqeyini daha da möhkəmləndirə bilər.

Siyasi şərhçi Azər Niftiyev Sherg.az-a açıqlamasında bildirib ki, Avropa Siyasi Birliyinin (ASB) 9-cu sammiti qitənin təhlükəsizlik dayaqları, iqtisadi rəqabətqabiliyyətliliyi, enerji təminatı və nəqliyyat bağlantıları ilə bağlı prioritetlərinin müzakirəsi baxımından müstəsna əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu toplantının Azərbaycan üçün strateji dəyərini müəyyənləşdirən əsas amil təkcə gündəlikdəki məsələlər deyil. Ekspert hesab edir ki, 2028-ci ildə növbəti Zirvə Görüşünün Bakıda keçirilməsi barədə qərar ölkəmizin Avropa siyasi dialoqundakı mövqeyinin keyfiyyətcə dəyişən xarakterini və beynəlxalq münasibətlər sistemində artan diplomatik çəkisini nümayiş etdirir:

"2022-ci ildə təsis edilən ASB-nin əsas xüsusiyyəti Avropa İttifaqına üzv və üzv olmayan dövlətləri vahid siyasi məsləhətləşmə platformasında birləşdirməsidir. Bu formatın üstünlüyü yeni bürokratik strukturlar yaratmaqda deyil, mövcud institusional mexanizmlərdən kənar, lakin onlarla ayaqlaşan çevik dialoq mühiti formalaşdırmasındadır. Bakı üçün ASB müxtəlif siyasi mövqelərə malik dövlətlərlə birbaşa təmasların genişləndirilməsi, ikitərəfli fikir ayrılıqlarının tənzimlənməsi və milli maraqların Avropa liderləri səviyyəsində birbaşa təqdim edilməsi baxımından əlverişli siyasi müstəvidir.

Dublin sammitinin gündəliyi ilə Azərbaycanın strateji prioritetləri arasında ciddi geoiqtisadi uyğunluq mövcuddur. Müasir dövrdə Avropanın iqtisadi dayanıqlılığı artıq yalnız maliyyə və texnoloji resurslarla ölçülmür. Enerji mənbələrinin şaxələndirilməsi, alternativ nəqliyyat marşrutlarının inkişafı və təchizat zəncirlərinin təhlükəsizliyi qitənin qlobal rəqabətqabiliyyətliliyini müəyyən edən əsas amillərə çevrilib. Azərbaycanın Avropa üçün artan strateji əhəmiyyəti də məhz bu ehtiyacların kəsişməsində formalaşır.

Enerji sahəsində strateji tərəfdaşlıq bunun ən bariz nümunəsidir. 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumundan sonra əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu gün 16 ölkəyə, o cümlədən Aİ-nin 10 üzv dövlətinə təbii qaz ixrac edən və Avropa bazarına illik qaz tədarükünü 13 milyard kubmetr həddinə çatdıran Azərbaycan qitənin enerji təchizatının şaxələndirilməsində əvəzolunmaz tərəfdaş kimi çıxış edir".

A. Niftiyevin fikrincə, Xəzər dənizinin 157 giqavatlıq külək enerjisi potensialı, irimiqyaslı günəş enerjisi layihələri və Qara dənizin dibi ilə 1195 kilometrlik sualtı elektrik kabelinin çəkilməsi təşəbbüsü münasibətlərin üfüqünü ənənəvi karbohidrogen əməkdaşlığından uzunmüddətli yaşıl enerji inteqrasiyasına doğru genişləndirir:

"Eyni strateji məntiq nəqliyyat-logistika sektorunda da özünü göstərir. Orta Dəhliz Azərbaycanı sadəcə tranzit coğrafiyasından Avrasiya məkanındakı iqtisadi əlaqələrin əsas qovşağına çevirir.

Son illərdə bu marşrut üzrə yükdaşımaların həcminin 3 milyon tondan yuxarı qalxması və konteyner daşımalarında kəskin artım qlobal təchizat zəncirlərinin yenidən qurulduğu bir dövrdə dəhlizin praktiki əhəmiyyətini təsdiqləyir. Çin və Mərkəzi Asiyadan Xəzər dənizi, Azərbaycan və Cənubi Qafqaz vasitəsilə Türkiyə və Avropaya uzanan bu xətt üzrə həlledici məqam coğrafi mövqeyin özlüyündə üstünlük olması deyil, onun Ələt Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük qabiliyyəti, müasir dəmir yolu infrastrukturu, rəqəmsal gömrük sistemləri və vahid tarif siyasəti ilə real iqtisadi-siyasi kapitala çevrilməsidir.

Enerji və nəqliyyat bağlantılarının tam gücü ilə işləməsi regional təhlükəsizlikdən birbaşa asılıdır. Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və davamlı sülh müqaviləsinin imzalanması bu baxımdan lokal gündəlikdən kənara çıxan strateji məsələdir. Regionda dayanıqlı sülhün təmin edilməsi yeni kommunikasiya xətlərinin açılmasına, transsərhəd ticarətin genişlənməsinə və uzunmüddətli beynəlxalq investisiyaların cəlbinə zəmin yaradır. Bu isə təkcə Azərbaycanın milli maraqlarına deyil, həm də Avropa ilə Mərkəzi Asiya arasındakı strateji bağlantıların təhlükəsizliyinə xidmət edir".

Siyasi şərhçi qeyd edib ki, 2028-ci ildə ASB sammitinin Bakıda keçirilməsi bütün bu istiqamətlərin vahid siyasi müstəvidə əlaqələndirilməsi üçün unikal fürsətlər yaradacaq:

"Ev sahibliyinin strateji mənası beynəlxalq tədbirin təşkilati miqyasından daha dərindir. Azərbaycan dövlət və hökumət başçılarını bir araya gətirməklə qitənin ortaq çağırışlarının müzakirəsinə, fərqli siyasi qütblər arasında dialoqun təşviqinə və yeni əməkdaşlıq gündəliyinin formalaşmasına birbaşa töhfə verəcək. Bu, ölkəmizin beynəlxalq platformalarda yalnız iştirakçı deyil, siyasi gündəmin məzmununu müəyyən edən təşəbbüskar aktor kimi mövqeyini təsbit edir. Azərbaycanın diplomatik manevr imkanlarını genişləndirən digər mühüm amil müxtəlif geosiyasi məkanlardakı sinxron fəallığıdır. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinə (AQEM) sədrlik, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi və Mərkəzi Asiya dövlətləri ilə dərinləşən institusional tərəfdaşlıq Bakının xarici siyasətinin çoxvektorlu xarakterini nümayiş etdirir.

Bu istiqamətlərin əsl dəyəri onların ayrı-ayrılıqda coğrafi əhatəsində deyil, Avropa, Asiya və İslam dünyası arasında siyasi və iqtisadi maraqların uzlaşdırılması üçün yaratdığı körpü rolundadır. Şübhəsiz ki, bu çoxşaxəli kursun davamlılığı həm geosiyasi, həm də texniki-iqtisadi çağırışların peşəkar idarə olunmasını tələb edir. Qlobal güclər arasındakı artan rəqabət fonunda həssas balansın qorunması, eləcə də Avropa institutları daxilində zaman-zaman müşahidə olunan siyasi fikir ayrılıqlarına baxmayaraq praqmatik dialoqun davam etdirilməsi xüsusi diplomatik çeviklik zərurəti yaradır. Eyni zamanda, yaşıl enerji keçidi üçün milyardlarla dollarlıq investisiya cəlbi və Orta Dəhliz boyunca infrastruktur darboğazlarının tam aradan qaldırılması qarşıdakı illərin əsas praktiki vəzifələridir. Bu çağırışları uğurla idarə edərək artan beynəlxalq təmsilçiliyi konkret iqtisadi və siyasi dividentlərə çevirməklə, Dublindən Bakıya uzanan siyasi xətt Azərbaycanın regional güc mərkəzindən qlobal miqyasda etibarlı dialoq və əməkdaşlıq platformasına çevrilməsinin strateji yol xəritəsini müəyyənləşdirir".