Donald Tuskun Avropanın zəif və parçalanmış olacağı barədə dediklərində böyük həqiqət payı var
Avropa zəif və bölünmüş olacaqsa, hətta müttəfiqləri belə, onu ciddiyə almağı dayandıracaqlar. Bunu Polşa Baş naziri Donald Tusk deyib.
Tuskun sözlərinə görə, zəif və parçalanmış Avropanı heç kim ciddiyə almayacaq: “Nə düşmənlər, nə də müttəfiqlər. Bu, artıq aydındır. Nəhayət, gücümüzə inanmalıyıq, silahlanmağa davam etməliyik, əvvəlkindən daha çox birliyimizi qorumalıyıq. Bir nəfər hamı üçün, hamı bir nəfər üçün. Əks halda, sonumuzdur”.
D. Tuskun çağırışını şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Sherg.az”a açıqlamasında Avropanın hazırkı zəifliyi və hərbi-siyasi təhlükəsizlik sahəsindəki çatışmazlıqlarına diqqət çəkir. Onun sözlərinə görə, uzun illər Avropada siyasi elita ABŞ və NATO-nun Avropaya tam dəstək verəcəyinə inanırdı. Demokratikləşmə, siyasi plüralizm və digər oxşar prinsiplər adı altında Avropa ölkələri məsuliyyətləri, imtiyazları, gəlirləri və texnologiyanı ABŞ ilə paylaşırdı, ABŞ isə öz imkanlarını Avropaya təqdim edirdi: “Lakin Amerikada Respublikaçıların hakimiyyətə gəlməsi və xüsusilə Donald Trampın yeritdiyi siyasət tamamilə fərqli mənzərə yaratdı. Rusiya-Ukrayna müharibəsi fonunda isə Avropa ilə ABŞ arasında ciddi fikir ayrılıqları açıq şəkildə ortaya çıxıb və bu gərginlik artıq dərin böhran xarakteri alır”.
İ. Hüseynov hesab edir ki, Polşa Baş naziri Donald Tuskun Avropanın zəif və parçalanmış olacağı barədə dediklərində böyük həqiqət payı var. Onun fikrincə, Avropa ölkələri güclərini birləşdirməsə və onları narahat edən problemləri həll etməsə, qarşıdakı illər bu qitə üçün daha da çətin olacaq. Hazırda Avropa artıq müasir beynəlxalq münasibətlər sistemində təsirli geosiyasi aktor olmaq imkanından uzaqlaşıb və baş verən proseslərə təsir etməkdə çətinlik çəkir: “Bu vəziyyətin əsas səbəbi Rusiya–Ukrayna müharibəsi fonunda baş verən proseslər və Avropanın Ukraynaya verdiyi maddi və hərbi yardımlardır. Avropanın güclənməsi, silahlanması və müasir çağırışlara cavab verməsi mütləq zərurətdir. Əks halda, qarşıdakı illərdə Avropa nəinki xammal baxımından, həm də digər strateji komponentlər üzrə Rusiyadan asılı vəziyyətə düşəcək. Bununla yanaşı, qitə Çindən Avrasiya miqyasında asılılığını daha da artıra bilər ki, bu da Brüsseldəki strateqləri ciddi şəkildə düşündürməlidir”.
Politoloqun sözlərinə görə, ABŞ-yə güclü Avropa lazım deyil: “ Vaşinqtonun strateji məqsədi Avropanı nəzarətdə saxlamaq və onu ABŞ-dan asılı vəziyyətə gətirməkdir. Bu baxımdan, Avropanın birləşməsi və öz müdafiə qabiliyyətini artırması yalnız qitənin deyil, həm də NATO-nun və transatlantik təhlükəsizliyin gələcəyi üçün həyati əhəmiyyət daşıyır”.