Avropa öz böhranını özü yaradıb, indi böyük güclərin təsir dairəsinə düşür - ŞƏRH

  • Tural Gəncəliyev: “Makron baş nazirləri dəyişir, amma Fransanın sistemli böhranını həll edə bilmir”
  • “Avropanın gələcəyini gənclər yox, demoqrafik böhran təhdid edir”

Avropada gənc nəslin etiraz dalğası genişlənir. Fransa, Almaniya, İtaliya, Belçika, Albaniya və digər ölkələrdə gənclərin iştirakı ilə keçirilən aksiyalar mövcud siyasi və iqtisadi sistemə qarşı narazılığın artdığını göstərir. Etirazların səbəbləri ölkələr üzrə fərqlənsə də, əsas tələblər oxşardır: korrupsiyaya qarşı mübarizə, işsizliyin azaldılması, təhsil və sosial təminatın yaxşılaşdırılması, yaşayış xərclərinin aşağı salınması və siyasi dəyişikliklər.

Bu prosesin ilkin nümunələri 2025-ci ildə Nepal və Madaqaskarda müşahidə olunub. Hər iki ölkədə gənclərin ön sıralarda olduğu etirazlar hakimiyyət dəyişikliyi ilə nəticələnib. Serbiyada isə tələbə etirazları geniş siyasi hərəkat səviyyəsinə yüksəlib və 2026-cı ildə seçki qələbəsi ilə nəticələnib.

Hazırda Avropada müşahidə olunan aksiyalar da təsadüfi xarakter daşımır. Sosial şəbəkələr vasitəsilə sürətlə təşkilatlanmaq, ənənəvi siyasi partiyalardan asılı olmadan hərəkət etmək və fərqli ölkələrdəki etirazlardan nümunə götürmək yeni nəslin əsas xüsusiyyətlərinə çevrilib.

Əsas məsələ ondan ibarətdir ki, yeni nəsil mövcud siyasi və sosial düzənlə barışmaq istəmir. İqtisadi çətinliklər, sosial bərabərsizlik, korrupsiya və siyasi elitalara etimadsızlıq bu narazılığı daha da gücləndirir. Görünən odur ki, yeni nəslin etirazları artıq ayrı-ayrı ölkələrin daxili problemi deyil, beynəlxalq miqyasda diqqət çəkən yeni siyasi tendensiyadır.

Etirazların digər diqqətçəkən tərəfi onların bəzi hallarda dağıdıcı xarakter alması, polis və nümayişçilər arasında toqquşmaların baş verməsi, iğtişaşların yaşanması və ictimai əmlaka ziyan vurulmasıdır. Bu isə proseslərin yalnız sosial narazılıq çərçivəsində deyil, həm də təhlükəsizlik və geosiyasi müstəvidə müzakirəsinə səbəb olur.

Xüsusilə, ABŞ ilə Avropa arasında son dövrlərdə dərinləşən siyasi, iqtisadi və təhlükəsizlik ziddiyyətləri fonunda kənar müdaxilə ehtimalı da diqqət çəkir.

Bu kontekstdə Avropadakı etirazların xarici qüvvələr tərəfindən manipulyasiya edilməsi, sosial şəbəkələr vasitəsilə narazılığın daha da qızışdırılması ehtimalı istisna edilmir. Belə ki, Fransa və İtaliya rəsmiləri xarici informasiya manipulyasiyası ilə bağlı xəbərdarlıqlar səsləndiriblər. Bununla belə, Avropa Komissiyası etirazların başlanmasının xarici müdaxilə ilə bağlı olduğunu təsdiqləyən yetərli sübutun olmadığını bildirib. Mövcud məlumatlar daha çox xarici aktorların artıq başlamış etirazlardan öz maraqları naminə istifadə etməsinə işarə edir.

Sherg.az xəbər verir ki, Milli Məclisin deputatı Tural Gəncəliyev Avropa İttifaqının üzləşdiyi problemlərin əsas səbəblərini ilk növbədə qurumun öz daxilində axtarmalı olduğunu bildirib. Onun sözlərinə görə, İttifaqın hazırda qarşılaşdığı çətinliklərin mühüm hissəsi məhz daxili problemlərlə bağlıdır. Deputat qeyd edib ki, Avropa İttifaqında ciddi sosial çağırışlar mövcuddur. Xüsusilə, gənclərin gələcəyə inamının və perspektivlərinin azalması, məşğulluq imkanlarının məhdudluğu, sosial təminatla bağlı çətinliklər, eləcə də təhsil sistemində müşahidə olunan böhran qurumun həll etməli olduğu əsas problemlər sırasındadır:

“Avropa İttifaqının zəifləməsi böyük geosiyasi güclərin – Rusiya, ABŞ və Çinin yaranmış vəziyyətdən öz maraqları naminə istifadə etməsi üçün əlverişli zəmin yaradır. Bu dövlətlər Avropa İttifaqına təsir imkanlarını genişləndirməyə və onun siyasi kursunu öz geosiyasi maraqlarına uyğun istiqamətləndirməyə çalışa bilərlər.

Avropa İttifaqı mövcud vəziyyətin yaranmasına imkan verməməli idi. İttifaqın əsas siyasi və iqtisadi dayaqları olan Fransa və Almaniyanın rəhbərliyi, eləcə də Brüsseldəki bürokratik strukturlar böhranın ilkin əlamətlərini vaxtında görsələr də, problemlərin həllinə lazımi diqqət yetirməyiblər. Nəticədə, cəmiyyətdəki narazılıqlar getdikcə dərinləşərək gənclər, tələbələr, hətta məktəblilər arasında da özünü büruzə verməyə başlayıb”.

Tural Gəncəliyev əlavə edib ki, almaniyalı tanınmış sosioloq Günter Heinsohn da Avropanın demoqrafik gələcəyi və gənc əhalinin sosial-siyasi proseslərə təsiri ilə bağlı mübahisəli fikirlər irəli sürüb. 2023-cü ildə vəfat edən alim Bremen Universitetində fəaliyyət göstərib və Avropanın gələcəyi ilə bağlı müzakirələrdə fərqli yanaşması ilə diqqət çəkib.

Onun sözlərinə görə, Heinsohnun yanaşmasında əsas məqamlardan biri gənc əhalinin demoqrafik çəkisinin artmasının sosial-siyasi proseslərə təsiri idi. Alim yaşlı əhalinin üstünlük təşkil etdiyi cəmiyyətlərdə kütləvi etiraz və iğtişaş ehtimalının daha aşağı ola biləcəyini irəli sürürdü. Deputatın fikrincə, yaşlı insanlar iqtisadi çətinliklər qarşısında daha təmkinli davranmağa və sosial qarşıdurmalardan yayınmağa meyilli olurlar.

O, bu yanaşmanın mübahisəli olduğunu vurğulayaraq qeyd edib ki, gənc əhalinin sayının azalması da Avropa üçün ciddi problemlər yarada bilər:

“Demoqrafik geriləmə əmək bazarına, məşğulluğa və iqtisadi inkişaf perspektivlərinə mənfi təsir göstərə bilər. Gənclərin cəmiyyətdəki payının azalması uzunmüddətli inkişafın təmin olunmasını da çətinləşdirir.

Halbuki Azərbaycanda, Türkiyədə və bütövlükdə türk dövlətlərində, eləcə də Şərq cəmiyyətlərində gənclərin demoqrafik üstünlüyünə tamamilə fərqli prizmadan yanaşılır. Bu cəmiyyətlərdə gənc əhali mühüm inkişaf potensialı kimi qiymətləndirilir. Gənclərin təhsilinə investisiya qoyulması, onların hərtərəfli inkişafının dəstəklənməsi və sosial imkanlarının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən hesab olunur. Çünki gənclər cəmiyyətin gələcəyi və inkişafın əsas hərəkətverici qüvvəsidir.

Demoqrafik baxımdan gənc əhalinin üstünlük təşkil etdiyi cəmiyyətlər daha geniş inkişaf imkanlarına malik olduğu halda, əhalisi sürətlə qocalan ölkələr uzunmüddətli perspektivdə ciddi sosial-iqtisadi çağırışlarla üzləşirlər.

Odur ki, Avropada baş verən proseslərin səbəblərini yalnız xarici amillərlə izah etmək düzgün deyil. Fransa və Almaniyada müşahidə olunan sosial-siyasi gərginliyi yalnız immiqrantlarla əlaqələndirmək və ya siyasi mübarizəni sağçılarla solçular arasındakı qarşıdurma çərçivəsində təqdim etmək problemin əsl mahiyyətini kölgədə qoyur.

Fransada, məsələn, Milli Birlik Partiyası, Jan-Lük Melanşonun rəhbərlik etdiyi solçu siyasi qüvvələr və Marin Le Penin təmsil olunduğu siyasi düşərgə mövcud problemlərlə bağlı fərqli mövqelər sərgiləyirlər. Sağçı qüvvələr immiqrantları günahlandırır, solçular isə məsuliyyəti başqa siyasi dairələrin üzərinə qoyurlar. Ancaq məsələnin mahiyyəti bundan daha dərindir.

Problemlərin səbəbini yalnız immiqrantlarda, yaxud ayrı-ayrı siyasi qüvvələrdə axtarmaq əvəzinə, ilk növbədə dövlət idarəçiliyində, sosial-iqtisadi siyasətdə və institusional böhranda axtarmaq lazımdır. Fransanın timsalında bunu xüsusilə aydın görmək mümkündür.

Emmanuel Makronun prezidentliyi dövründə ölkədə artıq yeddi baş nazir dəyişib. Demək olar ki, bir neçə aydan bir hökumət böhranı yaşanır, baş nazirlər istefaya göndərilir və yeni hökumət formalaşdırılır. Ancaq hökumət rəhbərlərini dəyişməklə sistemli problemləri həll etmək mümkün deyil.

Ona görə də Avropa İttifaqı və xüsusilə onun aparıcı dövlətləri ilk növbədə öz daxili problemləri ilə ciddi məşğul olmalıdırlar. Əks halda, mövcud sosial, iqtisadi və siyasi böhranlar Avropanın beynəlxalq mövqelərini daha da zəiflədəcək və böyük geosiyasi güclərin onun üzərində təsir imkanlarını genişləndirəcək”.