Azərbaycan dəyişən dünya nizamında mövqeyini gücləndirir - Politoloq

  • Prezident İlham Əliyevin Dublində ikitərəfli görüşlər keçirməsi də Azərbaycanın Avropa ölkələri üçün nə dərəcədə vacib tərəfdaş olduğunu göstərir

Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi görüşlər və səsləndirdiyi fikirlər Azərbaycanın Avropa ilə münasibətlərində artan siyasi çəkisini bir daha nümayiş etdirib. Dövlət başçısının bir gün ərzində 10 görüş keçirməsi və bu təmasların bir qisminin qarşı tərəfin təşəbbüsü ilə reallaşması ölkəmizə beynəlxalq marağın göstəricisi kimi diqqət çəkir. Eyni zamanda, Böyük Britaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycanın Qərb ölkələri ilə əməkdaşlığında yeni imkanlar yaradır.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, bərpaolunan enerji sahəsində əməkdaşlıq perspektivləri və Orta Dəhlizin inkişafı da bu münasibətlərin strateji məzmununu müəyyən edən əsas istiqamətlərdəndir. Bütün bunlar Azərbaycanın yalnız enerji tərəfdaşı kimi deyil, həm də Avropanın nəqliyyat, logistika və regional təhlükəsizlik arxitekturasında mühüm aktor kimi mövqeyini gücləndirir.

Qeyd edək ki, Azərbaycan 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi edəcək. Bu qərar da ölkəmizin beynəlxalq nüfuzunun və diplomatik mövqeyinin göstəricilərindən biri hesab olunur.

Mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablandıran DİA-nın müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov səfərin siyasi əhəmiyyətini, Azərbaycanın Avropa ilə strateji tərəfdaşlıq münasibətlərinin genişlənməsini və enerji-nəqliyyat əməkdaşlığının perspektivlərini şərh edib.

O bildirib ki, Avropa Siyasi Birliyi çərçivəsində keçirilən görüşlər Avropa ölkələrinin ortaq çağırışların həlli və qarşılıqlı maraqların uzlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Politoloqun sözlərinə görə, Azərbaycanın bu platformada artan rolu ölkəmizin Avropanın siyasi, iqtisadi və enerji təhlükəsizliyindəki əhəmiyyəti ilə bağlıdır:

“Avropa Siyasi Birliyinin məqsəd və məramları kifayət qədər aydındır. Bu platforma çərçivəsində daha çox dialoq xarakterli görüşlərin və tədbirlərin keçirilməsi həm Avropa qitəsinin qarşılaşdığı çağırışların müzakirəsi və həlli, həm də iştirakçı ölkələrin maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Dublində Avropa İttifaqına üzv dövlətlərin sayından təxminən iki dəfə çox ölkə liderinin iştirak etməsi bu formatın əhəmiyyətini göstərir. Bu, eyni zamanda, Avropa İttifaqının siyasi, iqtisadi və təhlükəsizlik sahələrində üzləşdiyi problemlərin həlli üçün daha geniş əməkdaşlıq platformalarına ehtiyac duyduğunu ortaya qoyur.

Coğrafi baxımdan kiçik ölkə olan Azərbaycanın böyük Avropanın siyasi və iqtisadi proseslərində mühüm yer tutması müsbət haldır. Azərbaycan artıq Avropa İttifaqının və bütövlükdə Avropanın iqtisadi və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında aparıcı rol oynayır.

Əvvəlki dövrlərdə Azərbaycan-Avropa münasibətlərində əsas istiqamətlərdən biri ənənəvi enerji sahəsində əməkdaşlıq idisə, hazırda bu tərəfdaşlıq yeni sahələri də əhatə edir. Belə ki, ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji, külək və günəş enerjisi, eləcə də digər bərpaolunan enerji istiqamətlərində əməkdaşlıq genişlənməkdədir.

Qarşıya qoyulan əsas məqsədlərdən biri Mərkəzi Asiya, Xəzər hövzəsi, Azərbaycan və Avropa arasında nəqliyyat və bərpaolunan enerji bağlantılarının formalaşdırılmasıdır. Bu baxımdan Azərbaycan sözügedən coğrafiyalar arasında mühüm əlaqələndirici mərkəz rolunu oynayır”.

Zaur Məmmədov bildirib ki, ənənəvi enerji sahəsində formalaşmış əməkdaşlığın yaşıl enerji istiqamətində genişləndirilməsi Azərbaycan üçün böyük nailiyyət olardı. Onun sözlərinə görə, Avropanın da bu əməkdaşlığa ciddi ehtiyacı var. Çünki Avropa gələcəkdə, xüsusilə 2030-cu ildən sonrakı dövrdə yaşıl enerjini enerji tələbatının əsas istiqamətlərindən biri kimi nəzərdə tutur.

Politoloq fikirlərini belə davam etdirib:

“Azərbaycanla Avropa arasında nəqliyyat bağlantılarının inkişafı sahəsində də ciddi irəliləyiş müşahidə olunur. Bu əməkdaşlıq ölkəmizə iqtisadi dividendlər qazandırmaqla yanaşı, bəzi Avropa ölkələri və qrupları tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarının neytrallaşdırılması baxımından da əhəmiyyətlidir.

Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 2022-ci ildən keçirilən görüşlərində mütəmadi iştirakı göstərir ki, təxribatçı qrupların fəaliyyətinə baxmayaraq, Avropa ilə Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin inkişafı davam edir.

Prezident İlham Əliyevin Dublin səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməsi də Azərbaycanın Avropa ölkələri üçün nə dərəcədə vacib tərəfdaş olduğunu göstərir. Bu görüşlərin bir çoxunun qarşı tərəfin təşəbbüsü və müraciəti əsasında baş tutması ölkəmizə olan marağın göstəricisidir.

Görüşlərdə aparılan müzakirələr və siyasi dialoq dəyişən dünya nizamında Azərbaycanın mövqeyinin və rolunun getdikcə artdığını təsdiqləyir. Hazırda bir sıra ölkələr siyasi, iqtisadi və hərbi çağırışlarla üzləşdiyi halda, Azərbaycan sabitliyi, enerji və nəqliyyat imkanları, eləcə də müstəqil xarici siyasəti ilə mühüm tərəfdaş kimi ön plana çıxır. Bu tendensiya qarşıdakı dövrdə də davam edəcək”.