“Azərbaycan güclü olmasaydı, BMT qətnamələri icra olunmazdı” - ŞƏRH

"Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində çox vacib mesajlar var. Dövlət başçısı ilk növbədə 44 günlük Vətən müharibəsində qazandığımız böyük qələbədən sonra yaranmış yeni təhlükəsizlik mühitinə diqqət çəkib".  

Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib. 

Ölkə başçısının sitatlna istinadən edən deputat qeyd edib ki, məhz ötən il – 2025-ci ildə Ermənistan–Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyulub və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq: "Sülhün təşəbbüskarı Azərbaycandır və ötən il Vaşinqtonda əldə olunan razılaşma əsasında tərəflər sülh istiqamətində çox vacib addımlar atdı. Dövlət başçımızın da söylədiyi kimi, “biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük – həm siyasi, həm iqtisadi müstəvidə”. Bu, sabitliyə və təhlükəsizliyə olan inamın artması fonunda irəliyə addımlamağa və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll etməyə imkan verir".

N. Məmmədova bildirib ki, Azərbaycanın xarici siyasəti hər zaman milli maraqlara əsaslanır: "Ölkəmiz üçün ən böyük siyasi uğurlardan biri 907-ci düzəlişin ləğvidir. Azərbaycan hər zaman bu üzdəniraq sənədi çox böyük ədalətsizlik hesab edib. Çünki işğala və etnik təmizləməyə məruz qalan ölkəyə qarşı belə bir qərəzli addımın atılması yolverilməz idi. Ermənistana qarşı hər hansı blokadadan söhbət getmədiyi halda, ölkəmizə qarşı belə bir qərəzli yanaşma sərgiləndi. Bu prosesin əvvəlindən keçmiş senator Co Baydenin xüsusi canfəşanlığı onun ABŞ prezidenti olduğu dövrdə də Bakı–Vaşinqton münasibətlərində böhrana səbəb oldu. Təsadüfi deyil ki, cənab Prezident dəfələrlə Azərbaycana ehtiyac olacağını o vaxtkı administrasiyanın yüksək vəzifəli şəxslərinə çatdırmışdı. Zaman göstərdi ki, Azərbaycan kifayət qədər etibarlı və vacib tərəfdaşdır.

907-ci düzəlişin “blokada” iddiasına gəlincə, cənab Prezidentin də söylədiyi kimi, nə o vaxt blokada var idi, nə də bu gün blokada var. “Əksinə, bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklər gedir, yollar açılıb və hətta Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilir. Hansı blokadadan söhbət gedə bilər?! Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu gün bu yoxdur”. Beləliklə, rəsmi Bakı Konqres tərəfindən bu düzəlişin tamamilə aradan qaldırılmasını gözləyir".

Deputat onu da əlavə edib ki, dövlət başçısı dünyada mövcud olan ikili standartlar siyasətinə də toxunub. Beynəlxalq hüququn norma və prinsiplərinin faktiki işləmədiyini, Azərbaycanın isə beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarından biri olduğunu xatırladıb: "Reallıq ondan ibarətdir ki, Azərbaycan güc yolu ilə öz torpaqlarını işğaldan azad etməsəydi, BMT qətnamələri heç vaxt icra olunmayacaqdı.

Cənab Prezidentin ən vacib fikirlərindən biri də “Biz kağız – BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq. Ona görə də güclü olmalıyıq” çağırışı idi. Məhz böyük qələbədən sonra Azərbaycan daha da güclənib və yaranmış yeni reallıqların aparıcı ölkələr, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunması ölkəmizin gücünün növbəti təzahürüdür.

Müsahibədə həmçinin ölkədə həyata keçirilən sosial islahatlar, iqtisadi dayanıqlıq və idarəetmədə effektivlik, enerji və nəqliyyat layihələrinin əhəmiyyəti, həmçinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq perspektivlərinə xüsusi diqqət yetirilir, gələcəyə yönəlik inkişaf strategiyalarına dair mesajlar üstünlük təşkil edir".