Azərbaycan neytrallığını qoruyacaq - Hərbi ekspert

"ABŞ-ın Xəzər məsələsində qətiyyətli mövqeyi gələcək perspektivdə müəyyən problemlər yarada bilər”

İranda son aylarda müşahidə olunan etiraz dalğası və dərinləşən iqtisadi çətinliklər Tehran-Vaşinqton münasibətlərində gərginliyi daha da artırıb. Qlobal və regional balansların yenidən formalaşdığı həssas mərhələdə Azərbaycan ABŞ və İranla münasibətlərini intensivləşdirib. Ötən gün ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri diplomatik təmasların inkişaf etdiyini ortaya qoydu.

Digər tərəfdən isə fevralın 6-da İranın müdafiə naziri Əziz Nəsirzadənin Prezident İlham Əliyevlə görüşü zamanı mehriban qonşuluq prinsiplərindən bəhs etməsi, əlaqələrin müsbət dinamika ilə davam etdiyini göstərir.

Məsələ ilə əlaqədar hərbi ekspert Səxavət Məmməd Sherg.az-açıqlamasında bildirib ki, Azərbaycanın xarici siyasət kursu fərdi və balanslaşdırılmış münasibətlər üzərində qurulub:

“Azərbaycan açıq şəkildə bəyan etdi ki, ərazisindən İrana qarşı heç bir qüvvə istifadə etməyəcək. ABŞ ilə İran arasında toqquşma baş versə belə, Azərbaycan mövcud siyasi xəttə uyğun olaraq, neytrallığını qoruyub saxlayacaq. Lakin Amerikanın Cənubi Qafqaz regionuna Azərbaycan və Ermənistan müstəvisindən daxil olması İran üçün təhlükə mənbəyinə çevrilib. Çünki ABŞ Azərbaycan üçün strateji əhəmiyyət daşıyan, Zəngəzur dəhlizini regional nəzarət mexanizminin tərkib hissəsinə çevirib”.

Ekspert qeyd edib ki, ABŞ Cənubi Qafqazda maraqlarını təmin etmək məqsədilə aktiv əməkdaşlıq həyata keçirir:

“ABŞ vitse-prezidenti Cey Di Vensin ötən gün çıxışında, “Azərbaycana hərbi qayıqlar və dəniz platformalarının veriləcəyi”ni bildirməsi, Xəzər dənizi müstəvisində problemlərə yol aça bilər. Məsələnin mübahisəli tərəfi odur ki, Xəzər dənizinin hüquqi statusu tam yekunlaşdırılmayıb. Dörd Xəzəryanı dövlət, müvafiq sənədləri parlamentlərində ratifikasiya edərək, Qazaxıstana təqdim edib. Yalnız İran bu məsələni parlament səviyyəsində təsdiqləməyib. Bütün ikitərəfli razılaşmalarda vurğulanır ki, Xəzər dənizinə sahilyanı dövlətlərdən başqa üçüncü ölkənin hərbi qüvvə yerləşdirməsi qadağandır. ABŞ-ın Xəzər məsələsində qətiyyətli mövqeyi gələcək perspektivdə müəyyən problemlər yarada bilər”.  

S.Məmmədin sözlərinə görə, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində ABŞ-ın nəzarət imkanlarının artması diqqətdən kənarda qalmamalıdır:

“Marşrutun Xəzər dənizi ilə kəsişməsi yaranan həssaslığı daha da artırır. Xəzər hövzəsində gərginliyi artıran digər mühüm amil isə dəniz səviyyəsinin azalmasıdır. Xəzərə tökülən suyun təxminən 80 faizi Volqa çayının payına düşür. Volqa çayı isə tam şəkildə Rusiyanın nəzarətindədir. Çay üzərində çoxsaylı bəndlərin, hidroelektrik stansiyaların və su anbarlarının inşası, eləcə də axının texniki tənzimlənməsi Xəzərə daxil olan su həcmini ciddi şəkildə azaldır. Bu faktor artıq ekoloji yox, siyasi şantaj elementi daşıyır. Rusiya İran və Azərbaycanın Xəzər sahilində maraqlarının toqquşması, gələcək perspektivdə problemlərə yol aça bilər”.

Aybəniz Səfərova