Azərbaycan sülh dövləti olduğunu əyani sübut edir - Novella Cəfəroğlu

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verilib. APA xəbər verir ki, bu proses, həmçinin, Azərbaycan və Ermənistan arasında bərqərar olmuş sülhün praktiki nəticələrindən biridir. Təhvil verilən şəxslərin Azərbaycanda saxlanıldıqları müddətdə hüquqları tam təmin olunub, səhhətləri və saxlanma şəraitləri beynəlxalq standartlara cavab verib.

Məhkumlar, eyni zamanda, Ermənistana göndərilməzdən əvvəl tibbi müayinədən keçirilib və səhhətlərinin normal olması müəyyən edilib.

Onların sırasında səhhəti qənaətbəxş olmayan Vaqif Xaçatryana zəruri tibbi yardım göstərilib və daim həkim müayinəsi altında olub.

Xatırladaq ki, Vaqif Xaçatryan Meşəli soyqırımına görə həbs edilmişdi və ona 15 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. 

D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu gün Azərbaycan sülh dövləti olduğunu əyani sübut edir: 

- Biz sülhə doğru gedirik. Addımlarımız da buna uyğun olmalıdır. Baxın, yollar yavaş-yavaş açılır. Zəngəzur yoluna ümidim böyükdür. Azərbaycan Qafqazda lider ölkədir. Və Qafqazın təhlükəsizliyini qorumaq üçün addımlar atmalıyıq. Bəzi məhbusların ölkəsinə ekstradisiyası da, baxmayaraq ki, günahları böyükdür, ağır cinayətlərdə, günahsız insanlara qarşı soyqırım törətməkdə iştirakları sübuta yetirilib, yenə də onları ölkələrinə göndərmək sülhə doğru bir addımdır. Baxın, İran qan ağlayır, nə qədər insan tələfatı var, etirazlarda iştirak edənləri dar ağacında edam etmək istəyirlər. Biz isə dünyaya göstəririk ki, hətta düşməni də bağışlaya bilirk. Bu bizim böyüklüyümüzün nümunəsidir. Biz qonşularımızla dinc yaşaya bilərik. Amma həmişə hər situasiyaya hazır olmalıyıq. 

N.Cəfəroğlu bildirdi ki, Azərbaycanın sülh korpusu işə başlayıb, fəaliyyətdədir və bu addımlar vətəndaş cəmiyyətinin iştirakı ilə təmin olunub.