Ancaq qonşular arasında baş vermiş münaqişələr zamanla öz yerini sülhə verir
Məlum olduğu kimi Ermənistanda Azərbaycan mənşəli yanacaq satan "RAN Oil" yanacaqdoldurma məntəqələrini boykot etməyə çağırış səslənib. Bununla bağlı "Ayakve" təşəbbüs qrupu vətəndaşlara müraciət edib. Müraciətdə Azərbaycan yanacağı satan yanacaqdoldurma məntəqələrini boykot etməyə və Ermənistanın təhlükəsizliyinə zərər verə biləcək proseslərdə iştirak etməməyə çağırış yer alıb. Bəyanatda sürücülərə vətəndaş məsuliyyəti nümayiş etdirərək sülh gündəliyinə inanmamağa çağırıb. Xatırladaq ki, dekabrın 18-də SOCAR tərəfindən istehsal edilmiş 1220 ton Aİ-95 markalı 22 vaqon benzin Gürcüstan ərazisi vasitəsilə Ermənistana yola salınıb.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov deyib ki, Ermənistanda revanşist mövqedə olan, sülhə qarşı çıxan qüvvələr var. Ekspert bildirib ki, bu qüvvələrin hansı imkanlara malik olması gələcək hadisələrdə ortaya çıxacaq: "İqtisadi əməkdaşlıq birtərəfli olmur. Qarşılığında Ermənistan məhsulları da Azərbaycanda satışa çıxarıla bilər və əməkdaşlıq genişlənər. Bununla cəmiyyətlər arasında düşmənçilik mühiti yox olar. Alternativ yol yoxdur. Azərbaycan cəmiyyətində də Ermənistanla əməkdaşlığı istəməyənlər var. Ancaq qonşular arasında baş vermiş münaqişələr zamanla öz yerini sülhə verir. Ermənistanla yaxın müttəfiqə çevrilməsək də, hər halda normal qonşuluq münasibəti qurmaq məcburiyyətindəyik. Əks təqdirdə bundan həm Ermənistan, həm də Azərbaycan zərər görəcək. Azərbaycanla qarşıdurmaya getmək Ermənistana xeyir gətirməyəcək. Düşünürəm ki, bu cür çağırışlar geniş dəstək qazanmayacaq və seçkilərdə Paşinyan yenə qalib gələcək".