Ülviyyə Zülfiqar: "Ərəb ölkələri ilə strateji tərəfdaşlıq Azərbaycanın xarici siyasət kursunun möhkəmləndirilməsi baxımından əhəmiyyətli perspektivlər vəd edir"
Son illərdə Azərbaycan diplomatiyasının əsas uğurlarından biri müsəlman və ərəb ölkələri ilə qurulan çoxşaxəli və dinamik əlaqələrdir. Ölkəmiz həm siyasi-diplomatik, həm iqtisadi, həm də mədəni sahələrdə ərəb dünyası ilə yaxınlaşma üçün mühüm zəmin yaradıb və uzunmüddətli perspektivdə bu əlaqələrin daha da genişlənməsi gözlənilir.
Azərbaycanın ərəb ölkələri ilə strateji tərəfdaşlığı, ölkəmizin xarici siyasət strategiyasının uğurla həyata keçirildiyinin bariz göstəricisidir. Bu münasibətlər yalnız iqtisadi və siyasi əməkdaşlığın güclənməsinə deyil, həm də regionda sabitliyin təmin edilməsinə, iqtisadi inkişafın sürətləndirilməsinə və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılmasına töhfə verir. Prezident İlham Əliyevin liderliyi altında formalaşan bu tərəfdaşlıq modeli, Azərbaycanın digər ölkələrlə münasibətlərinin inkişafında da nümunə rolunu oynayır və ölkəmizin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsində mühüm amilə çevrilir.
Qeyd edək ki, ötən həftə Prezident İlham Əliyev rəsmi səfər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinə gedərək ölkələr arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi üzrə önəmli görüşlər keçirib. Səfər zamanı iqtisadi, enerji və mədəni sahələrdə birgə layihələrin icrası, həmçinin qarşılıqlı ticarət və sərmayə imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub. Bu səfər, Azərbaycan-BƏƏ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi və regionda sabitliyin gücləndirilməsi baxımından əhəmiyyətli addım hesab olunur.
Bu gün isə Bakı və Əbu-Dabi şəhərləri arasında qardaşlaşma münasibətlərinin yaradılması barədə Anlaşma Memorandumu imzalanıb. Bütün bunlar iki ölkə arasındakı əməkdaşlığın daha konkret və institutlaşdırılmış səviyyəyə çıxarıldığını göstərir.
Yerli gəlmişkən, bu gün həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı ölkəmizin ərəb dünyasını təmsil edən ölkələrlə siyasi, iqtisadi və digər sahələri əhatə edən sıx əlaqələrini vurğulayaraq, bu münasibətlərin genişləndirilməsində qarşılıqlı səfərlərin rolunu qeyd edib. Prezident İlham Əliyev həmçinin Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətinə toxunaraq Azərbaycanın islam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələri önə çəkib. Qonaq dövlət başçısına regionda sülh prosesinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında Prezident İlham Əliyevin xüsusi rolunu vurğulayıb. 
Politoloq Ülviyyə Zülfiqar “Sherg.az”a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi ölkəmizin ərəb və bütövlükdə müsəlman dünyası ilə əlaqələrində ardıcıl və sistemli xəttin davamı kimi qiymətləndirilə bilər. Politoloqun sözlərinə görə, bu görüş, xüsusilə dövlət başçısının qısa müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirdiyi səfər fonunda Azərbaycanın ərəb coğrafiyası ilə siyasi dialoqunun yeni mərhələyə qədəm qoyduğunu göstərir: “Azərbaycan son illər ərəb ölkələri ilə münasibətlərini yalnız diplomatik təmaslarla məhdudlaşdırmayaraq, iqtisadi əməkdaşlıq, enerji, investisiya, humanitar və mədəni sahələr üzrə də genişləndirir. Dövlət başçısının vurğuladığı kimi, qarşılıqlı səfərlər və ali səviyyəli görüşlər tərəfdaşlığın institusional əsaslarını möhkəmləndirir. Ərəb Parlamentinin rəhbərliyi ilə təmas isə parlament diplomatiyasının da bu prosesə cəlb olunduğunu və əməkdaşlığın daha geniş platformalarda davam etdirildiyini göstərir.
Azərbaycanın müsəlman dünyasında artan nüfuzu onun həm enerji təhlükəsizliyində oynadığı rol, həm də multikulturalizm və dini tolerantlıq siyasəti ilə birbaşa bağlıdır. Rəsmi Bakı müxtəlif beynəlxalq platformalarda İslam həmrəyliyinin möhkəmləndirilməsi, qarşılıqlı hörmət və dialoqun təşviqi istiqamətində ardıcıl mövqe sərgiləyir. Bu baxımdan ərəb ölkələri ilə siyasi yaxınlaşma yalnız ikitərəfli maraqlara deyil, daha geniş coğrafiyada sabitlik və əməkdaşlıq gündəliyinə xidmət edir”.
Ü. Zülfiqar qeyd edib ki, uzunmüddətli perspektivdə Azərbaycanla ərəb ölkələri arasında siyasi-diplomatik yaxınlaşma qarşılıqlı investisiya layihələrinin artmasına, enerji və nəqliyyat sahəsində birgə təşəbbüslərin reallaşmasına, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin güclənməsinə imkan yarada bilər. O hesab edir ki, Azərbaycanın ərəb dünyası ilə strateji tərəfdaşlığı regional balansın qorunması və çoxşaxəli xarici siyasət kursunun möhkəmləndirilməsi baxımından əhəmiyyətli perspektivlər vəd edir.