- “Tramp da gedəcək, Netanyahu da, amma Azərbaycanın strateji kursu dəyişməyəcək”
ABŞ-da keçirilən aralıq seçkilərində Demokratlar Partiyasının qələbəsi fonunda Donald Trampın və İsrailin Baş naziri Benyamin Netanyahunun beynəlxalq və daxili siyasətdə mövqelərinin zəifləyə biləcəyi, bunun isə Azərbaycana və rəsmi Bakının xarici siyasətinə təsir göstərəcəyi ilə bağlı fikirlər səsləndirilir.
Hətta bəzi mülahizələrdə Trampın və Netanyahunun siyasi mövqelərini itirməsinin Azərbaycanın strateji tərəfdaşlarını və xarici siyasətdəki dayaqlarını zəiflədəcəyi iddia olunur.
Mövzu ilə bağlı fikirlərini Sherg.az-la bölüşən siyasi elmlər doktoru, professor Vaqif Abdullayev bildirib ki, nə Donald Tramp, nə də Benyamin Netanyahu hazırda tutduqları vəzifələrdən ayrılıb. Onun sözlərinə görə, heç bir siyasi lider və ya siyasi qüvvə Azərbaycan dövləti üçün əvəzolunmaz dayaq rolunu oynamır və ölkənin strateji kursu ayrı-ayrı şəxslərin siyasi taleyindən asılı deyil: 
“Hakimiyyətlər dəyişir, siyasi liderlər gəlir və gedir. Lakin dövlətlərarası strateji münasibətlər, qarşılıqlı maraqlara və etimada əsaslanan tərəfdaşlıq əlaqələri ayrı-ayrı şəxslərin siyasi taleyindən daha uzunömürlüdür. Mənim fikrimcə, Türkiyə, İsrail və ABŞ ilə münasibətlər Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindəndir və bu əlaqələrin möhkəm tarixi-siyasi əsasları var. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra adıçəkilən dövlətlərlə qurulan siyasi, iqtisadi və təhlükəsizlik əlaqələri zamanla strateji xarakter alıb. Bu münasibətləri hər hansı siyasi partiyanın hakimiyyətə gəlməsi və ya getməsi ilə izah etmək düzgün deyil. Çünki dövlətlərarası əlaqələrin əsasında ilk növbədə milli maraqlar dayanır”.
V. Abdullayev xatırladıb ki, dünyanın aparıcı güc mərkəzlərindən biri olan ABŞ ilə münasibətlərimiz müstəqilliyimizin ilk illərindən etibarən formalaşmağa başlayıb:
“1994-cü ildə imzalanan və regionun enerji mənzərəsini dəyişən “Əsrin müqaviləsi” Bakı ilə Vaşinqton arasında əməkdaşlığın möhkəm təməlini qoydu. Sonrakı 32 ildən artıq müddətdə ABŞ-da bir neçə administrasiyanın dəyişməsinə baxmayaraq, iki ölkə arasında münasibətlər müxtəlif mərhələlərdən keçərək davam edib. Hətta Bayden administrasiyası dövründə mövcud olan siyasi fikir ayrılıqlarına baxmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib.
Eyni yanaşma qardaş Türkiyə ilə münasibətlərimizə də aiddir. Azərbaycan-Türkiyə əlaqələri təkcə siyasi maraqlara deyil, ortaq tarixə, mədəniyyətə, milli-mənəvi dəyərlərə və sarsılmaz qardaşlıq bağlarına söykənir. Bu münasibətlərin mahiyyəti Türkiyədə və ya Azərbaycanda hakimiyyətdə kimin təmsil olunmasından asılı deyil.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət prinsipləri də məhz bu yanaşmaya əsaslanırdı. Azərbaycan müstəqil dövlət kimi digər ölkələrin daxili işlərinə qarışmır, münasibətlərini milli maraqlar və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında qurur. Bu baxımdan, Türkiyədə baş verən siyasi və ictimai proseslərə münasibətdə də Azərbaycanın mövqeyi dəyişməzdir.
Məhz milli maraqlara əsaslanan bu siyasi xətt sayəsində ayrı-ayrı ölkələrdə hakimiyyət dəyişiklikləri Azərbaycanın xarici siyasət kursuna təsir göstərmir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası da konkret siyasi liderlərdən və ya hər hansı bir güc mərkəzindən asılı deyil. Azərbaycan çoxvektorlu xarici siyasət yürüdür, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, Çin, Mərkəzi Asiya dövlətləri və digər beynəlxalq tərəfdaşlarla geniş əlaqələr qurur”.
Professor hesab edir ki, Qərbdə və Şərqdə siyasi liderlərin, administrasiyaların və hakimiyyətlərin dəyişməsi Azərbaycanın xarici siyasətinin əsaslarını sarsıda bilməz:
“Çünki rəsmi Bakının strateji xəttinin mərkəzində ayrı-ayrı şəxslərin siyasi maraqları deyil, Azərbaycan dövlətinin milli maraqları, suverenliyi və müstəqil qərarvermə prinsipi dayanır”.