Bakı-Belqrad xətti siyasi tərəfdaşlıqdan iqtisadi inteqrasiyaya keçir - ŞƏRH

Bu günə qədər Azərbaycan və Serbiya arasında 57 sənəd imzalanmışdı. Son səfər çərçivəsində imzalanan 7 yeni sənədlə bu rəqəm 64-ə çatdı

Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə siyasi və iqtisadi əlaqələrinin davamlı şəkildə genişlənməsi, qarşılıqlı rəsmi səfərlərin intensiv xarakter alması ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, etibarlı tərəfdaş imicinin formalaşmasının bariz göstəricisidir.

Bu kontekstdə Azərbaycanın yaxın dostu və strateji tərəfdaşı olan Serbiya ilə münasibətlər xüsusi yer tutur. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bu səfər, eyni zamanda, Azərbaycanın son illər həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasətin növbəti uğurlu mərhələsi kimi qiymətləndirilir.

Azərbaycan və Serbiya beynəlxalq münasibətlər sistemində bir-birinin suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən nadir tərəfdaş dövlətlərdəndir. Prezident İlham Əliyevin Belqradda yüksək səviyyədə qarşılanması, dövlət başçılarının iştirakı ilə Strateji Tərəfdaşlıq Şurasının birinci iclasının keçirilməsi münasibətlərin artıq sırf diplomatik əməkdaşlıq çərçivəsini aşaraq ali strateji tərəfdaşlıq mərhələsinə yüksəldiyini nümayiş etdirdi. Bu səfər rəsmi Bakı və Belqradın əlaqələri ənənəvi ticarət münasibətlərindən çıxararaq uzunmüddətli və institusional əməkdaşlıq modelinə keçirmək niyyətini bir daha təsdiqlədi.

Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Arzuxan Əlizadə “Sherg.az”a bildirib ki, Azərbaycan–Serbiya münasibətlərinin əsası 1997-ci ildə qoyulub və xüsusilə 2012-ci ildən sonra əlaqələr daha intensiv xarakter almağa başlayıb:

“2021-ci ildən etibarən isə münasibətlər yüksələn dinamika üzrə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Hər iki ölkə Qoşulmama Hərəkatı platformasında da sıx əməkdaşlıq edir. Prezident İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç arasında formalaşmış səmimi və etimada əsaslanan şəxsi münasibətlər də dövlətlərarası əlaqələrin möhkəmlənməsinə ciddi töhfə verir.

Bu günə qədər Azərbaycan və Serbiya arasında 57 sənəd imzalanmışdı. Son səfər çərçivəsində imzalanan 7 yeni sənədlə bu rəqəm 64-ə çatdı. Sənədlər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, energetika və nəqliyyat sahələrində tərəfdaşlığın inkişafı üçün mühüm hüquqi baza yaradır. Dövlət başçılarının mətbuata bəyanatlarında da əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu xüsusi vurğulandı və münasibətlərin gələcəkdə daha sürətlə inkişaf edəcəyi qeyd olundu”.

Deputat hesab edir ki, iqtisadi əməkdaşlıq siyasi münasibətlərin möhkəmlənməsinin əsas dayaqlarından biridir:

“Belqradda keçirilən Strateji Tərəfdaşlıq Şurasının ilk iclasında energetika, investisiyalar, bərpaolunan enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və mədəni-humanitar sahələr üzrə geniş fikir mübadiləsi aparılıb. Ticarət dövriyyəsinin artması, qarşılıqlı sərmayələrin yatırılması və birgə layihələrin həyata keçirilməsi ölkələr arasında qarşılıqlı etimadı daha da gücləndirir. Xüsusilə energetika sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Azərbaycanın Serbiyaya ixrac etdiyi təbii qazın həcminin artırılması istiqamətində əldə olunan razılaşma Avropanın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirir. Bütövlükdə bu səfər Azərbaycan–Serbiya münasibətlərinin sadəcə siyasi tərəfdaşlıq mərhələsindən çıxaraq praktik iqtisadi inteqrasiya səviyyəsinə keçdiyini göstərir. Energetika, investisiya və infrastruktur layihələri üzərində qurulan əməkdaşlıq modeli qarşılıqlı suverenliyə hörmət, siyasi etimad və uzunmüddətli strateji planlaşdırma prinsiplərinə əsaslanaraq regionda sabitlik və iqtisadi inkişaf üçün mühüm platforma formalaşdırır. Bu isə Azərbaycanın Cənubi Qafqazdan kənarda da etibarlı tərəfdaş şəbəkəsi yaratdığını və beynəlxalq münasibətlər sistemində təsir imkanlarının genişləndiyini bir daha təsdiqləyir”.