Ənvər Əliyev: "İnsan həyatı hər şeydən üstündür, riskə getməyin”
"Kəskin külək və qar şəhəri idarəolunmaz vəziyyətə gətirir”
Küləkdən necə qorunaq?.. Paytaxtda bu mümkünsüzdür. İnfrastrukturu guya ki sürətli inkişaf etmiş, müasirləşmiş şəhərimizdə elə ərazilər var ki nisbətən örtülü avtobus dayanacağı da yoxdur. İnsan avtobus gözləyə-gözləyə buz heykələ dönür az qala. Daldalanacaq yer tapmır, avtobus gözləyəndə. Bəzi yollar elə labirintdir ki, qarşı tərəfə keçmək üçün gərək kəşfiyyatçı, “xüsusi təynatlı” olasan. Sürücülərə də əl işarəsiylə and-aman edəsən ki, sürəti azalt, yolu keçim. Səkilərimiz sürüşkən, buz meydançasıdır. İdmanın qış növü olan fiqurlu konki sürmədə niyə geridə qalmışıq, təəccüblüdür. İndiyədək gərək xalqın arasından fiqurlu konki üzrə Avropa, dünya çempionları çıxaydı. Nə sirdisə, çıxmayıb. FHN küləkli hava ilə bağlı xəbərdarlıq edir ki, reklam lövhələrinin altında dayanmayın. Rəhmətliyin nəvələri, bəs harda dayanaq? Reklam lövhəsi avtobus dayanacağının yanındadı. “Sehirli xalat” filmində vəzir deyir e, “əgər o ulduz gəlib xanın taxt-tacına düşsə, qarşısını necə alacağıq?”. Bizim vəziyətimiz də o cürdür. Dayanacaqda dayanan adamın başına reklam lövhəsi də düşər, göydən daş da. Fevralın 4-ü şəhərdə hava kıskin soyuq idi. Sulu qar yağırdı, küləyin sürəti də böyük idi (meteoroloqun dediyi kimi 25-30 metr/saniyə). Və həmin bu şaxtalı, küləkli havada xəsarət alanlar, həyatını itirənlər də olub, məhz güclü külək səbəbindən. Təəssüf.
TƏBİB-in məlumatında qeyd olunur ki, küləkli hava şəraiti ilə əlaqədar bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə 5 çağırış qeydə alınıb. Məlumata görə, 47 yaşlı qadın Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı qadın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı qadın və 53 yaşlı kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bir halda ki ETSN-nin Mlli Hidrometeorologiya Departamenti də havanın kəskin soyuyacağını, sulu qar, qar yağacağını, küləyin sürətinin artacağını bildirir, təhsil müəssislərində, orta ümumtəhsil məktəblərində dərsləri təxirə salmaq, xüsusi zərurət yoxdursa müəyyən işləri təxirə salmaq, işçilərə icazə, möhlət vermək olar yəqn ki. Əks halda, gərək küçəyə çıxan adam külək onu hara gəldi dığırlatmasın deyə cibinə daş doldursun. 
Ekoloq Ənvər Əliyev “Sherg.az”a açıqlamasında bildirdi ki, fevralın 4-də Bakıda və Abşeron yarımadasında həqiqətən də həddindən artıq kəski hava hökm sürürdü:
- Həddindən artıq güclü külək idi. Qar çovğunu idi xalis. Belə havada problemlər yaranır, insan özünü qoruya bilmir. Fevralın 4-də qar köndələn yağırdı. Küləyin sürəti yüksək idi. Küləyin sürəti saniyədə 15 metrə çatırsa, güclü külək hesab edilir. Bunu sinoptiklər bildirir. Fevralın 4-də isə küləyin sürəti 15 m/saniyədən çox yüksək olub. Yer də sürüşkən idi. İnsan bilmir, yola baxsın, özünə nəzarət etsin. Səkilər çox sürüşkən olduğundan insanlar yıxılır, xəsarət alır. Belə hallarda, bəli iş, təhsil dayandırıla bilər. Xüsusən ibtidai siniflərdə dərslərə fasilə verilməlidir. Körpə balalar niyə əziyyət çəkməlidir, bu soyuqda, qarda? Nəzərə alaq ki Bakıda soyuq, qarlı çox az çəkir. 1-2 gün kəskin soyuq olur, sonra hava mülayimləşir. Bu 1-2 günü tədris dayansa, qiyamət qopmaz. Amma balalar xəstələnər. Onsuz da onlayn tədris üsulu var, əyani təhsil zamanı onlayn üsuldan geniş istifadə olunur. Yaşlı insanları, səhhətində problem olanlara soyuq havalarda işdən icazə verilməlidir. Ümumiyətlə, zərurət yoxdursa, işçiyə icazə verilməlidir. Bilirik ki, şəhərimizdə ictimai nəqliyyat hələ qrafiklə dəqiq işləmir. Gecikmələr çox olur. Tıxaclar, yollarımız elədir ki, təhlükə real xarakter alır. Bunları nəzərə alaraq kəskin havalarda vətəndaşlara evdən çıxmamaq məsləhət görülməlidir. İnsan həyatı hər şeydən üstündür.
Ə.Əliyev qeyd etdi ki, Bakı şəhəri ekstremal şəraitə hazır deyil:
- Qış, yaz, yay... şəhərimiz ekstremal vəziyyətlərdə idarə olunmaz hala gəlir. Yağış bir ayrı dəhşətdir, qar da, külək də onun kimi. Ümumiyyətlə, Bakı-Abşeron, Sumqayıt, Samur-Dəvəçi ərazisində ilin 165 gün güclü küləklər olur. Bu çoxillik rəqəmlərə əsasəndir. İlkin orta əsrlərdə ərəb tarixçləri yazırdı ki, karvan Abşerona çatanda, bu ərazidən tez uzaqlaşmağı məsləhət görürdülər, deyirdilər, külək bizi qıracaq, burda dayanmaq olmaz. Havaya uyğun olaraq, əgər güclü külək 2-3 gün çəkərsə, məktəblərdə tədrisə fasilə vermək olar. Bəzi ölkələrdə bu praktika var. İqlimi nəzərə alırlar. Bəzi ölkələr var ki 1 metrədək qar düşür. Amma yollar təmzilənir, insanlar əziyyət çəkmir. Şimal şəhərlərində qara qarşı xüsusi tədbirlər görülür. Kamçatkada gördük 2-3 metr hündürlüyündə qar yağmışdı. Belə havalarda iş, tədris təxirə salınır. Yollar bağlı olur və sair. Bizdə şükür, elə güclü qar yağmır. Amma hava şəraitini nəzərə alıb, məsələn, məktəb direktorları valideynlərə çağırış edə bilər, ibtidai sinif şagirdləri dərsə gəlməsinlər. İş yerləri ilə bağlı da müəyyən qərarlar qəbul edilə bilər.