Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilir

Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu işə başlayıb.

“APA-Economics” xəbər verir ki, forum Azərbaycan və Türkiyə arasında investisiya əməkdaşlığının genişləndirilməsi, birgə layihələrin təşviqi və biznes mühitinin gücləndirilməsi məqsədi daşıyır.

Tədbirdə Azərbaycan və Türkiyənin hökumət üzvləri, dövlət qurumlarının rəhbərləri, maliyyə institutları, sənaye və biznes dairələrinin nümayəndələri iştirak edir.

Forum çərçivəsində sənaye 4.0 və rəqəmsal texnologiyalar, aqrar tərəfdaşlıq və qida təhlükəsizliyi, regional ticarət və logistika dəhlizləri, eləcə də biznes üçün maliyyə və sığorta dəstək mexanizmləri mövzularında panel müzakirələri keçirilir.

Eyni zamanda, Azərbaycan və Türkiyə şirkətləri arasında əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.