MHP-nin sədri Dövlət Baxçalı Hatayda keçirilən 455 mininci fəlakət mənzilinin püşkatması, açarların təhvili və tikintisi başa çatan layihələrin toplu açılış mərasimində çıxış edib.
Sherg.az-ın məlumatına görə, Baxçalı bildirib ki, Hatay zəlzələdən sonra öz külündən yenidən doğulub və dövləti çətin vəziyyətə salmaq cəhdləri boşa çıxıb. O vurğulayıb ki, türk millətində böyük simalar heç vaxt tükənmir:
“Günümüzün Süleymanı Cümhurbaşkanımız Rəcəb Tayyib Ərdoğandır. Günümüzün Sinanı isə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurumdur.”
6 fevral 2023-cü il zəlzələlərindən sonra dövlət–xalq həmrəyliyi ilə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını qeyd edən MHP sədri, Hatayın milli birlik və qardaşlığın rəmz şəhərlərindən biri olduğunu deyib.
Onun sözlərinə görə, bu günədək zəlzələ bölgəsində 455 mindən çox mənzil, kənd evi və iş yeri tamamlanaraq istifadəyə verilib. Baxçalı həyata keçirilən quruculuq işlərinə görə Prezident Ərdoğan başda olmaqla bütün dövlət qurumlarına, mühəndislərə, fəhlələrə və könüllülərə təşəkkür edib.
MHP sədri çıxışının sonunda zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət diləyib, zərərçəkən vətəndaşlara təqdim olunan mənzillərin və açılışı edilən layihələrin xeyirli olmasını arzulayıb.