"Yayımlanan fotolardakı emosional reaksiyalar isə psixoloji baxımdan “timsah göz yaşları” effektindən başqa bir şey deyil”
2026-cı il yanvarın 3-də ABŞ-nin xüsusi təyinatlı qüvvələri Venesuelanın paytaxtı Karakasda həyata keçirdiyi hərbi reyd zamanı ölkə prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresi saxlayaraq, Nyu-Yorka aparıblar. Venesuelanın daxili işlər naziri Diosdado Kabellonun verdiyi açıqlamaya görə, Amerikanın keçirdiyi əməliyyat zamanı, 100 nəfər ölüb.
Nazir ölənlərin arasında dinc, mülki əhalinin də olduğunu bildirib. Yanvarın 4-də isə ABŞ-də keçirilən məhkəmə prosesində prezident və onun həyat yoldaşı narkoterrorizm, kokain ticarəti və qanunsuz silah dövriyyəsi ilə bağlı ağır ittihamlarla üz-üzə qalıblar. Lakin onlar, irəli sürülən ittihamları qətiyyətlə rədd ediblər. Maduro məhkəmə zalında, özünü Venesuelanın qanuni prezidenti adlandıraraq, “Mən prezidentəm və müharibə əsiriyəm”- sözləri ilə çıxış edib. O, saxlanılma zamanı ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən zorakılığa məruz qaldığını, sürüklənmə və zərbələr nəticəsində xəsarət aldığını dəfələrlə vurğulayıb. Maduronun həyat yoldaşı S. Flores isə məhkəmə prosesində səssizliyi ilə diqqət çəkib. Onun göz ətrafı və alnında sarğıların olduğu müşahidə edilib. Vəkilinin sözlərinə görə, Floresin qabırğa nahiyəsində ciddi zədə və daxili qanaxma ehtimalı var. Sosial şəbəkələrdə yayılan görüntülərdə isə Maduro və həyat yoldaşının üzündə qan ləkələrinin olduğu görünür. Hətta bəzi videolarda Maduronun axsadığı açıq şəkildə hiss olunur. N. Maduronun işi üzrə növbəti məhkəmə iclasının martın 17-də keçirilməsi gözlənilir.
Mövzu ilə bağlı psixoloq Elmir Əkbər Sherg.az-a açıqlamasında bildirib ki, Maduro və Floresini həbs edən zaman nümayiş olunan emosional reaksiyalar, psixoloji sarsıntının əlamətlərini əks etdirir:
“Floresin həbsi spontan xarakter daşımır. Bu məsələ, əvvəlcədən planlaşdırılmış hüquqi və siyasi prosesin bir hissəsi olub. Sonradan yayılan və emosional mifologiyaya əsaslanan narrativlərdə onun guya Maduronun həbsinə fiziki müqavimət göstərərək özünü qurban kimi təqdim etdiyi iddia edilir. Lakin faktlar göstərir ki, hər iki şəxsin həbsi əvvəldən nəzərdə tutulmuşdu və proses zamanı nümayiş etdirilən emosional davranışlar hüquqi reallığı dəyişmir”.
Psixoloq qeyd edib ki, avtoritar və totalitar rejimlərdə ailə üzvlərin, liderin fəaliyyətindəki aktiv rolu və “kollektiv narsissizm” modeli uzunmüddətli psixoloji asılılıq yaradır:
“Floresin həbsi zamanı müşahidə olunan bədən dili, mimika, jestlər, “tələyə düşmüş yırtıcı” davranış modeli ilə üst-üstə düşür. Bu tip davranışlar adətən nəzarəti tam itirmiş, amma hələ də özünü güclü göstərməyə çalışan şəxslərdə müşahidə olunur. Onun məhkəmədəki, susqunluğu və emosional dalğalanmalar ciddi psixoloji sarsıntının göstəricisidir. Uzun müddət avtoritar mövqedə olmaq, liderin psixikasında meqalomaniya, reallıqdan qopma və tanrısal özqavrayış kimi dərin dəyişikliklər yaradır. Diktatorluq mövqeyinə uzun müddət sahib olmaq insan psixikasında dərin dəyişikliklər yaradır. Lakin onların əllərindən qəfil “taxt-tac” alındıqda psixika kəskin dekompensasiya mərhələsinə keçir. Maduro və Floresin davranışları tarixdəki analoji nümunələrlə müqayisə edilə bilər. Məsələn, Rumıniyada Çauşesku ailəsinin həbsi zamanı müşahidə olunan panik reaksiyalar eyni psixoloji model üzrə formalaşır”.
E.Əkbərin sözlərinə görə, cəmiyyətin uzun müddət repressiya altında qalması, insanlarda “Stokholm sindromu” və “timsah göz yaşları” kimi emosional adaptasiya mexanizmlərinə səbəb olur:
“Venesuela cəmiyyətində də bu sindromun geniş yayılması mümkündür. Uzunmüddətli repressiya şəraitində yaşayan insanlar emosional adaptasiya mexanizmi kimi zalıma empatiya qurmağa başlayırlar. Yayımlanan fotolardakı emosional reaksiyalar isə psixoloji baxımdan “timsah göz yaşları” effektindən başqa bir şey deyil”.
Psixoloqun qənaətinə əsasən, Floresin məhkəmə zalında susqunluğu və davranışları emosional kamuflyaj mexanizmi kimi şərh olunur:
“Floresin susqunluğu təsadüfi deyil. Bu davranış emosional kamuflyaj mexanizmi kimi izah olunur. Məqsəd daxili dağılmanı, psixoloji sınmanı və simvolik “diz çökmə” vəziyyətini ətrafdakılardan gizlətməkdir. Lakin bu cəhdlər belə, onun mənəvi çöküşünü tam gizlədə bilmir”.
Aybəniz Səfərova