Bir neçə hava əməliyyatı ilə hakimiyyətin devrilməsi mümkün deyil - Coşkun Başbuğ

Müharibə genişlənəcəyi təqdirdə yalnız Yaxın Şərq deyil, Türkiyə, İraq, Əfqanıstan, eləcə də Rusiya və Çin də ciddi geosiyasi sarsıntılarla üzləşə bilər

ABŞ və İsrail İranın paytaxtı Tehran başda olmaqla bir sıra şəhərlərə hava hücumları həyata keçirib. ABŞ Prezidenti Donald Tramp ölkədə “genişmiqyaslı hərbi əməliyyatların başladığını” açıqlasa da, Tehran tərəfi cavab zərbələri endirib.

Sherg.az xəbər verir ki, təhlükəsizlik siyasəti üzrə Türkiyəli ekspert Coşkun Başbuğun sözlərinə görə, yalnız hava hücumları ilə İranda rejim dəyişikliyi gözləmək real deyil. Onun sözlərinə görə, siyasi nəticə əldə olunması əməliyyatın miqyasından və ölkə daxilində mövcud strukturlardan asılıdır.

Ekspert qeyd edib ki, daxildə təşkilatlanma və sosial dayaqlar olmadan bir neçə hava əməliyyatı ilə hakimiyyətin devrilməsi mümkün deyil. İran cəmiyyətində iqtisadi problemlər və bəzi dövlət institutlarına narazılıq olsa da, bunun silahlı qarşıdurmaya çevrilməsi yalnız daxili proseslər nəticəsində baş verə bilər.

Başbuğ vurğulayıb ki, iranlılar rejimdən narazı olsalar belə, xaricdən müdaxilə zamanı ölkəni müdafiə etmək üçün birləşə bilərlər. Onun fikrincə, bu səbəbdən ABŞ və İsrail yalnız bombardman yolu ilə İranda ciddi siyasi dəyişiklik yarada bilməz.

Ekspert hesab edir ki, İranın etnik və regional xətt üzrə zəiflədilməsi İsrail üçün daha əlverişli ssenaridir. Onun sözlərinə görə, belə proseslər ölkənin şərqində Bəlucistan bölgəsi və qərbdə kürdlərin yaşadığı ərazilər üzərindən həyata keçirilə bilər.

Başbuğ əlavə edib ki, müharibə genişlənəcəyi təqdirdə yalnız Yaxın Şərq deyil, Türkiyə, İraq, Əfqanıstan, eləcə də Rusiya və Çin də ciddi geosiyasi sarsıntılarla üzləşə bilər.

Ekspert hazırda Türkiyə üçün kütləvi miqrasiya təhlükəsinin müşahidə olunmadığını bildirib. Lakin bombardmanların intensivliyi artarsa, region ölkələrinə, xüsusilə Türkiyəyə doğru əhali axınının mümkün ola biləcəyini qeyd edib.

O, münaqişənin genişlənməsinin bütün region üçün ağır nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.