Brüsselə yaxınlaşmaq Paşinyana Moskva ilə danışıqlarda manevr imkanı verir - Politoloq

  • Qulamhüseyn Əlibəyli: “Ermənistanın qarşısında çətin seçim dayanır: Avropa, yoxsa Avrasiya İttifaqı?”

Ermənistanın Avropa İttifaqına üzvlük istiqamətində atdığı addımlar və Nikol Paşinyanın Brüssel səfəri İrəvanın xarici siyasətində yeni müzakirələrə yol açıb. Rəsmi İrəvan Avropa inteqrasiyasını strateji hədəf kimi təqdim etsə də, bu istiqamətdə real perspektivlər və Moskva ilə münasibətlərə mümkün təsirlər suallar doğurur.

Xüsusilə Paşinyanın Aİ-yə üzvlük niyyətini açıq şəkildə ifadə etməsi qarşıdakı Rusiya səfəri ərəfəsində diqqət çəkir. Beynəlxalq münasibətlər üzrə ekspert Qriqor Balasanyan isə hesab edir ki, Brüssel təmasları Ermənistanın Moskva qarşısında siyasi mövqeyini və danışıqlardakı çəkisini artırmaq cəhdi ola bilər. Balasanyan qeyd edib ki, Ermənistanın 2027 və ya 2028-ci illərdə Aİ-yə üzvlük üçün müraciət etməsi real görünmür. Onun sözlərinə görə, Aİ-nin genişlənmə sənədlərində 2030-cu ildən əvvəl hər hansı ölkənin üzvlüyü nəzərdə tutulmayıb. Bundan əlavə, Ermənistanın hazırda Aİ daxilində namizəd ölkə və ya dəvət olunmuş dövlət statusu yoxdur. Ekspert Paşinyanın Brüssel səfərinin qarşıdakı Moskva səfəri və Ermənistan-Rusiya münasibətləri üzrə danışıqlar ərəfəsində Rusiyaya təzyiq göstərmək məqsədi daşıya biləcəyini istisna etməyib. Onun fikrincə, bu addım Moskva ilə münasibətləri daha da gərginləşdirə və gələcək danışıqları çətinləşdirə bilər.

Qeyd edək ki, Paşinyan Aİ siyasətinin Ermənistan üçün regiondan uzaqlaşmaq vasitəsi olmadığını bildirib. O, Türkiyə və Gürcüstanın Aİ-yə namizəd statusuna malik olduğunu vurğulayaraq, Ermənistanın da üçüncü namizəd ölkə olacağına ümid etdiyini deyib. Ermənistanın son məqsədinin Aİ-nin tamhüquqlu üzvü olmaq olduğunu bildirən Paşinyan gələcəkdə Aİ ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim edilməli olacağını da qeyd edib.

Mövzunu Sherg.az-a şərh edən politoloq Qulamhüseyn Əlibəyli bildirib ki, səfərlərin ardıcıllığı ilk baxışda siyasi nümayiş təsiri bağışlayır: Kreml Ermənistanın baş nazirini gözləyir, o isə Avropanın gələcəyinin müzakirə olunduğu tədbirdə iştirak edir:

“Əvvəla, Paşinyanın iştirak etdiyi “Aİ-nin genişlənməsi üzrə Sammit 2026” Aİ-nın rəsmi tədbiri yox, Euronews-un təşkil etdiyi tədbirdir. Tədbirin proqramı Aİ-nın genişlənməsi ilə yanaşı, Avropanın təhlükəsizliyi və strateji muxtariyyət, demokratiya və islahatlar mövzularını əhatə edir. Başqa sözlə bu sammit Avropa liderlərinin rəsmi toplantısı yox, media platformasında keçən siyasi forumdur. 

Eyni zamanda, Paşinyanın Moskvaya səfəri barədə razılaşmanın mövcud olduğunu bildirilsə də, səfərin konkret vaxtı konkret vaxtı göstərilmir. Ona görə də Paşinyanın Brüssel səfərini birmənəlı şəkildə əvvəllər razılaşdırılmış rəsmi Moskva görüşünün ləğvi və ya Kremlin dəvətinin açıq şəkildə rədd edilməsi kimi təqdim etmək düzgün olmazdı. Lakin bununla yanaşı bu səfərin arxasında Ermənistan hakimiyyətinin daha ehtiyatlı diplomatik hesablamalar, həm də getdikcə aydınlaşan strateji seçim göründüyünü də inkar etmək olmaz.Baş nazirin səfərinin gündəliyi də bunu deməyə əsas verir. Mediada Paşinyanın Avropa Parlamentinin sədri ilə görüşündə ticarət güzəştləri, Avropa Komissiyasının nümayəndəsi ilə danışıqlarında isə iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edildiyi qeyd olunub. Bu isə o deməkdir ki, hazırkı şəraitdə Ermənistan hakimiyyəti Avropa istiqamətinə konkret iqtisadi məzmun verməyə çalışır. Ermənistan hakimiyyətinin belə cəhdinin nəticəsi gələcəkdə siyasi yaxınlaşmanın real dayaqlarını müəyyənləşdirəcək amil ola bilər. 

Mediada yayılan digər bir məlumata görə sammitdə çıxış edən Paşinyan Aİ üzvlüyünə müraciət üçün 2027 və ya 2028-ci ili real hesab etdiyini bildirib. Bu, öz növbəsində Avropa istiqamətinin ümumi niyyət səviyyəsindən mümkün zaman çərçivəsi olan siyasi gündəliyə çevrildiyini göstəricisi hesab oluna bilər”.

Politoloq hesab edir ki, Paşinyanın sammitdəki çıxışındakı əsas məqam Ermənistan üçün alternativ yaratmaq zərurətini vurğulamasıdır:

“Onun izahına görə, ölkəsinin başqa seçiminin olmadığı barədə təsəvvür dəyişməlidir. Paçinyanın çıxışının siyasi məzmunundan irəli gələn nəticə bundan ibarətdir ki, Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətləri birmənalı şəkildə kəsmək niyyəti yoxdur, əksinə münasibətləri davam etdirmək istəyir, lakin həmin münasibətlərin alternativsizliyini qəbul etmək istəmir və Aİ-ı Rusiyaya alternativ kimi görür. Belə yanaşmanın Moskvaya ünvanlanan geosiyasi mənası kifayət qədər aydın təsəvvür olunur.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin oyabrın 8-9-da MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin 14-cü görüşündə iştirak üçün Mockvaya göndərilməsi Rusiya ilə əlaqə kanallarının saxlanıldığını göstərir. Lakin həmin çoxtərəfli görüşü baş nazirin mümkün ikitərəfli səfərinin əvəzi saymaq düzgün olmaz. Görüşlərin formatı, iştirak səviyyəsi və həll edə biləcəyi məsələlər fərqlidir. Lakin bu iştirak Brüsselə yaxınlaşmanın Moskva ilə bütün ünsiyyətin dayandırılması anlamına gəlmədiyinin növbəti göstəricisi hesab oluna bilər.

Bir sözlə, Ermənistan hakimiyyəti Avropa ilə yaxınlaşaraq Rusiya ilə danışıqlarda daha geniş manevr imkanı qazanmaq istədiyini gizlətmir. Xarici tərəfdaşların sayının artması kiçik dövlətə seçim imkanı verir. Ancaq geosiyasi alternativin siyasi bəyanatlarda mövcudluğu ilə iqtisadi və institusional baxımdan real və işlək olması eyniləşdirmək olmaz. Brüsselə yaxınlaşmanın davamlılığı görüşlərin sayından çox, əldə edilən imkanların Ermənistan iqtisadiyyatına və dövlət institutlarına nə dərəcədə keçəcəyindən asılı olacaq”.

Ermənistan hakimiyyətinin manevr imkanlarının limitsiz olmadığını vurğulayan Q. Əlibəyli hesab edir ki, bu imkanın konkret institusional sərhədi var:

“Bu sərhəd eyni zamanda paralel olaraq həm Aİ və həm də Avrasiya İqtisadi İttifaqına tam üzvlüyün mümkün olmamasıdr. Ermənistan hakimiyyəti də bu mümkünsüzlüyü edir və Avropa istiqamətində irəliləyişin müəyyən mərhələdə mövcud inteqrasiya öhdəlikləri barədə qərar tələb edəcəyinin fərqindədir. Hazırkı şəraitdə Paşinyan höküməti bu qərarın mümkün siyasi və iqtisadi nətcələri və risklərini idarə etməyə çalışır.

Məsələyə Azərbaycanın geosiyasi və geoiqtisadi maraqları baxımından yanaşdıqda Ermənistan baş nazirinin hansı paytaxta daha tez səfər etməsinn regional sülhə, qarşılıqlı öhdəliklərin icrasına və kommunikasiyaların açılmasına necə təsir göstərməsi əhəmiyyətlidir. Avropa ilə yaxınlaşma regional əməkdaşlığı möhkəmləndirərsə, bunun praktik nəticələri ola bilər. Rəqabət aparan güc mərkəzlərinin qarşıdurmasını regiona daşıyarsa, əlavə qeyri-müəyyənlik yaradacaq.

Bütövlükdə Paşinyanın növbəti Brüssel səfərini Kreml üçün Ermənistan hakimiyyətinin artıq elan etdiyi strateji istiqamətin daha konkret ifadəsi kimi qiymətləndirmək daha düzgün yanaşma olardı. Moskvaya səfərin gecikməsinin səbəbi barədə aydınlıq olmasa da Brüsseldə verilən mesaj aydındır: Ermənistan rəhbərliyi gələcəyini yalnız Rusiya ilə münasibətlər çərçivəsində müəyyənləşdirmək istəmir. İndi bu siyasətin əsas sınağı Avropa perspektivini real imkanlara çevirmək və keçid dövrünün risklərini idarə etmək olacaq”.