Cenevrədə razılaşma olmadı: İran və ABŞ qarşıdurması realdır - ŞƏRH

ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu yenidən İsveçrənin Cenevrə şəhərində baş tutub. Omanın vasitəçiliyi ilə keçirilən görüşlərdə İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfinə isə xüsusi nümayəndə Stiven Uitkoff rəhbərlik edib. Bu raundda əsas diqqət, Tehranın nüvə proqramına dair sazişin ilkin layihəsinin hazırlanmasına və İrana qarşı tətbiq edilən sanksiyaların mərhələli şəkildə ləğvi mexanizminə yönəlib. Görüşün detallarına dair məlumat məhdud olsa da, danışıqlardan əvvəlki vəziyyətə nəzər salmaqla proseslərin gedişatını dəyərləndirmək mümkündür. Belə ki, danışıqlardan öncə ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio, Tehranın “ballistik raketlər” məsələsinin gündəliyə salınmasından imtina etdiyini bildirib. Halbuki Vaşinqton nüvə proqramı ilə yanaşı, İranın raket potensialının da məhdudlaşdırılmasını əsas şərt kimi irəli sürmüşdü. Son danışıqlarla bağlı Abbas Əraqçinin səsləndirdiyi fikirlər də diqqət çəkir. O bildirib ki, bəzi mövzularda qarşılıqlı anlaşma əldə olunsa da, müəyyən məsələlərdə fikir ayrılıqları qalır. Bütün bunlar danışıqların mürəkkəb mərhələdə davam etdiyini göstərir.

Mövzu ilə bağlı politoloq Əli Mustafa Sherg.az-a bildirib ki, Cenevrə görüşləri də daxil olmaqla, tərəflər arasında prinsipal məsələlərdə razılaşma yoxdur:

“Tərəflər arasında Cenevrədə nüvə proqramı ilə bağlı keçirilən üçüncü raund danışıqlar barədə mətbuata az məlumat sızıb. İnformasiyalar çox ziddiyyətlidir. Hətta danışıqların baş tutumadığına dair bir sıra fikirlər dolaşır. Tərəflər arasında danışıqların nüvə proqramı üzrə aparıldığı bildirilsə də, müzakirə masasında İranın raket proqramı və ölkənin siyasi rejimi ilə bağlı bir sıra məsələlər də var. ABŞ İrandan raket proqramının qəti şəkildə dayandırılmasını tələb edir. İran isə bunun dayandırılmasını milli təhlükəsizliyi üçün ciddi risk kimi görür”. 

Politoloqun sözlərinə görə, Vaşinqton İran qarşısına o qədər sərt tələblər qoyur ki, danışıqlar masasından nəticəsiz qalxmağa məcbur qalırlar:

“Rəsmi Tehran danışıqlara razı olduğunu bildirsə də, ABŞ-nin qarşısına qoyduğu tələblərlə uzlaşmaq istəmir. Vaşinqton İran ətrafına 150-dən çox təyyarə və donanmasının üçdə birini yerləşdirib. İran rəhbərliyi isə hücum təhlükəsinə qarşı kifayət qədər ballistik və kruiz raketlər, artilleriya sisteminin olduğunu bildirir. Aydındır ki, ABŞ güclü tərəfdir, ancaq, İranın da kifayət qədər regionda hərbi qüvvəsi var. Bu gücün nə qədər olması ilə bağlı məlumatların qıtlığı proseslərin sonuna dair şübhələri artırır”. 

Ə.Mustafa, ABŞ ilə İran arasında gərginləşən münasibətlərə Çin və Rusiyanın mövqeyindən bəhs edib: 

“Amerika qısamüddətli müharibə strategiyasının tərəfdarıdır. Lakin tərəflər bir-birinə Rusiya və Ukrayna müharibəsində olduğu kimi boyun əyməsə, uzunmüddətli savaşa çevrilə bilər. Əslində Çin və Rusiyaya da bu lazımdır. Rəsmi Pekin çox yaxşı anlayır ki, İrandan sonrakı hədəf Çindir. Ona görə də onlar bacarsalar, Amerikanın hücum potensialını İranda daha çox saxlamağa çalışarlar. Bütün aspektləri nəzərə alan ABŞ helə ki, ehtiyat tədbiri kimi, Yaxın Şərqə ordu yığır, Hava Hücumundan Müdafiə Sistemlərini gücləndirir. Əslində İsrail və ABŞ arasında İrana hücumla bağlı bır sıra müzakirələr gedir. Özünüz də görürsünüz ki, İsarilin Baş naziri ilə ABŞ prezidenti arasında tez-tez görüşlər baş tutur”.

Politoloq bildirib ki, İsrail və ABŞ arasında İrana ilk kimin hücum edəcəyi ilə bağlı müzakirələr gedir:

“Bir sözlə, ABŞ və İran razılığa gəlsə də, savaş olacaq, gəlməsə də. Hörmüz boğazı ətrafında üçüncü dünya savaşının başlayacağına dair fikirlər də var. Rusiyanın, Çin və İran arxasında sipər kimi dayandığı da şübhəsizdir. Çin bu məsələdə neytral deyil. Rusiya isə İranı açıq və gizli şəkildə dəstəkləyir. İran Çin və Rusiya müstəvisində formalaşan üçbucağın 3-cü zəif bəndidir. Əgər o düşsə Rusiya və Çinin də mövqeyi zəifləyəcək. Digər tərəfdən də İran ABŞ-ni zəiflətmək üçün bir sıra strareji planlar üzərində fikirləşir. Rəsmi Tehran prosesləri uzadaraq, ABŞ-dəki prezident seçkilərində problemlərə yol aça bilərlər. Ona görə də Vaşinqton, şərtlərini müharibə olmadan diqtə etməyə çalışır”.

Aybəniz Səfərova