ABŞ və İsrailin İran əməliyyatı zamanı öldürülən İranın ali dini lideri Əli Xameneinin uzun müddət ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən izlənildiyi iddia olunur.
Sherg.az xəbər verir ki, məlumata görə, CIA aylar ərzində Xameneinin mümkün olduğu məkanları və gündəlik hərəkət trayektoriyasını izləyərək onun dəqiq yerləşdiyi nöqtəni müəyyənləşdirməyə çalışıb. Onun rutin fəaliyyətini yaxından analiz edən kəşfiyyat qurumunun topladığı məlumatların ABŞ Prezidenti Donald Tramp və İsrail tərəfi ilə paylaşıldıqdan sonra əməliyyata start verildiyi bildirilir.
Əməliyyatın ilk günündə İranın ali idarəetmə strukturlarında yer alan bir sıra yüksək vəzifəli şəxslərin həlak olması diqqət çəkib. 37 il İranın ən ali rəhbəri olmuş Xameneinin hədəfə alınması isə beynəlxalq səviyyədə ciddi müzakirələrə səbəb olub.
Tramp hücumu “İran rejimindən gələn yaxın təhdidləri aradan qaldırmaq məqsədi daşıyan strateji addım” kimi xarakterizə edib. Hücumdan sonra Ağ Evə qayıdaraq Oval Ofisdən xalqa müraciət etmək əvəzinə Floridadakı Mar-a-Laqo iqamətgahında qalan Tramp Truth platformasında etdiyi paylaşımlarda İran rejimini “dəhşətli insanlar” adlandırıb.
Onun əməliyyatla bağlı Oval Ofisdən rəsmi brifinq keçirməməsi isə ABŞ daxilində də tənqidlərə yol açıb.