Fotolar, video-görüntülər əleyhimizə istifadə oluna bilər
Sadəcə, dostluğunuzda olmayanlarla heç bir halda, heç bir şəkildə əlaqə qurmayın, dostluğunuzdan kənar adamlarla bağlantı yaratmayın
“Cəbhədə döyüş bitsə də informasiya müstəvisində davam edir. Yeganə çıxış yolu sosial şəbəkə dostluğunuzda olmayan şəxslərlə əlaqədən çəkinməkdir”. Bu sözləri “Şərq”ə açıqlamasında media eksperti, hüquqşünas Ələsgər Məmmədli Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ölkə vətəndaşlarına xəbərdarlıq müraciətini şərh edərkən dedi.
Xatırladaq ki, NRYTN bu günlərdə əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıq müraciətində bildirilir ki, “Ermənistan tərəfi öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərlər yaymaqda davam edir. Düşmən tərəfi əks təbliğat aparmaq məqsədilə müxtəlif kanallar – "WhatsApp", "Telegram" və digər sosial şəbəkələr üzərindən vətəndaşlarımıza yazaraq özlərini bizdən biri kimi qələmə verir və guya qələbəyə həsr olunmuş film çəkilişində istifadə etmək üçün əldə olan video-görüntülərin təqdim edilməsini istəyirlər. Bunun qarşılığında isə vətəndaşlara müəyyən pul məbləği təklif edilir. Məqsəd Azərbaycan əleyhinə məlumatlar yaymaqla əks təbliğat aparmaqdır".
Nazirlik vətəndaşlardan xahiş edir ki, tanımadıqları şəxslərdən gələn bu cür mesajlara etimad edib qarşı tərəfə informasiya ötürməsinlər, fərdi məlumatlarını təqdim etməsinlər və bu kimi mesajları ''spam'' olaraq şikayət etsinlər, həmçinin bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və yaxud reports@cert.az elektron poçt ünvanı vasitəsilə Nazirlik yanında Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.
Ə.Məmmədli qeyd etdi ki, mənfur düşmən sosial şəbəkələrdə, “ağıllı” telefonlarda yayılan video-görüntülərdən öz çirkin məqsədləri üçün istifadə edə bilər:
- Hamımız bilirik ki, necə iyrənc bir düşmənlə üz-üzəyik. Hərb müstəvisində döyüş bitib, lakin informasiya savaşı davam edir. Düşmən bizim yaydığımız video-görüntülərdən hansısa informasiyadan öz çirkin məqsədləri üçün istifadə etməyə çalışacaq. Ona görə də saxta profillər, müxtəlif kanallar vasitəsilə əldə etdikləri fotoları, görüntüləri əldə edib siyasi müstəviyə daşımaq və müzakirə predmetinə çevirmək istəyirlər. Biz hər birimiz ayıq olmalı və diplomatik müstəvidə bizə problem yarada biləcək videoları paylaşmaqdan çəkinməliyik. İnanmıram ki, kimsə bu cür görüntüləri bilərəkdən, könüllü paylaşsın. Lakin internetin imkanları genişdir. Hətta siz göndərməsəniz belə, xakerlər “WF” vasitəsilə telefonlara daxil olub görüntüləri əldə edə bilir. Ona görə də bunun ən doğru yolu, telefonlarda cəbhədəki vəziyyət, əsgərlərimiz, ümumiyyətlə dövlət əhəmiyyətli məlumat və videoları depolamamaqdır. Ən yaxşısı budur ki, belə videolar, görüntülər telefonlarda saxlanmasın və mübadilə edilməsin, bir insandan digərinə ötürülməsin. Çalışmalıyıq ki, düşmənin lehinə ola biləcək məlumat və görüntüləri paylaşmayaq, yaymayaq. Deyə bilərsiniz ki, bizimlə əlaqə yaradanın dost, ya düşmən olduğunu necə müəyyənləşdirə bilərik? Cavabı var. Sadəcə, dostluğunuzda olmayanlarla heç bir halda, heç bir şəkildə əlaqə qurmayın, dostluğunuzdan kənar adamlarla bağlantı yaratmayın. Heç nə də ötürməyin. Çünki biz istəmədiyimiz halda, iradəmiz xaricində o video-görüntülərdən əleyhimizə istifadə oluna bilər.