Davosda yeni reallıqlar yarandı

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; 

Azərbaycan artıq regional yox, qlobal aktordur, ölkəmiz etibarlı tərəfdaş kimi qəbul olunur

Müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyalar, qlobal güc mərkəzləri arasında artan rəqabət və təhlükəsizlik arxitekturasının yenidən formalaşması fonunda Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası strateji xarakter daşıyan prioritet istiqamət kimi ön plana çıxır. Milli maraqlara əsaslanan balanslı xarici siyasət kursu nəticəsində Azərbaycan qısa müddət ərzində regional aktordan qlobal proseslərə təsir göstərən etibarlı tərəfdaşa çevrilib. Ölkəmizin beynəlxalq sistemə fəal şəkildə inteqrasiya olunması, yalnız siyasi müstəvidə deyil, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə də çoxşaxəli əməkdaşlıq modelinin formalaşmasına imkan yaradıb. Azərbaycanın region ölkələri və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında qurduğu münasibətlər beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafında da öz əksini tapır. BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın fəal iştirakı ölkəmizin qlobal gündəmin formalaşmasında söz sahibi olduğunu nümayiş etdirir.

Postmünaqişə dövründə Azərbaycanın beynəlxalq əlaqələrinin yeni keyfiyyət mərhələsinə qədəm qoyması ölkənin regional təhlükəsizlik və sabitlik üçün əsas dayaqlardan birinə çevrildiyini göstərir. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası ilə formalaşan yeni geosiyasi reallıqlar Azərbaycanın beynəlxalq tərəfdaşları ilə əməkdaşlığını daha praktik və strateji müstəviyə daşıyır. Bu reallıq həm regional kommunikasiyaların açılması, həm də iqtisadi inteqrasiya proseslərinin sürətlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizin aktiv iştirak etdiyi beynəlxalq platformalar sırasında Davos İqtisadi Forumu xüsusi yer tutur və bu mötəbər forum Azərbaycanla bağlı obyektiv reallıqların beynəlxalq miqyasda təsdiqi kimi çıxış edir. Azərbaycanın Davos Dünya İqtisadi Forumunda fəal təmsil olunması ölkəmizin beynəlxalq iqtisadi sistemə inteqrasiyasının məntiqi nəticəsidir. Dünyanın ən mötəbər iqtisadi və siyasi platformalarından olan Davos Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirakı postmünaqişə dövründə ölkənin regional və qlobal gündəmdə tutduğu yeni mövqenin parlaq təzahürüdür.

Bu platformalarda səsləndirilən mövqelər Azərbaycanın yalnız milli maraqlara söykənən deyil, eyni zamanda regional və qlobal sabitliyə töhfə verən məsuliyyətli aktor olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin beynəlxalq auditoriyalara ünvanladığı mesajlar Azərbaycanın əməkdaşlıq, sülh və davamlı inkişaf konsepsiyasına əsaslanan xarici siyasət xəttini aydın şəkildə ortaya qoyur.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi ölkənin uzunmüddətli strateji maraqlarına xidmət etməklə yanaşı, qlobal sabitliyin möhkəmləndirilməsinə də real töhfələr verir. Bu inteqrasiya modeli Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, etibarlı tərəfdaş imicinin və yeni dünya nizamında fəal rolunun əsasını təşkil edir.

Davos–Azərbaycan münasibətlərinin əsas istiqamətləri enerji əməkdaşlığı, investisiya cəlbi, yaşıl enerji və iqlim gündəliyi, rəqəmsal və logistika layihələridir. Prezident İlham Əliyevin Davos Forumlarında iştirakı Azərbaycanın qlobal liderlərlə birbaşa dialoq qurmasına imkan yaradır. İlham Əliyevin Davos çərçivəsində keçirdiyi görüşlər əsasən aparıcı dövlətlərin liderləri, beynəlxalq maliyyə institutlarının rəhbərləri, transmilli enerji və texnologiya şirkətlərinin icraçı direktorları arasında keçirilir. Bu görüşlərin Azərbaycan üçün real faydaları enerji strategiyasının möhkəmləndirilməsi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu beynəlxalq səviyyədə təsdiqlənib. Qaz və alternativ enerji layihələri üzrə etibarlı tərəfdaş imici formalaşıb.

Davosda aparılan təmaslar birbaşa xarici investisiyaların artmasına, Azərbaycan bazarına marağın yüksəlməsinə zəmin yaradıb. Nəqliyyat və logistika layihələrinin təşviqi, Şərq–Qərb və Şimal–Cənub dəhlizləri qlobal auditoriyaya təqdim edilib. Azərbaycan tranzit ölkə kimi mövqeyini gücləndirib. Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq prosesi beynəlxalq biznes dairələrinə çatdırılıb. Regionun investisiya potensialı ön plana çıxarılıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Şərq”ə açıqlamasında deyib ki, Davos Dünya İqtisadi Forumunda Azərbaycanın fəal iştirakı ölkəmizin qlobal iqtisadi və siyasi sistemə inteqrasiyasının, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığının ardıcıl şəkildə dərinləşdiyini nümayiş etdirir. Onun fikrincə, bu mötəbər platformada səsləndirilən mövqelər Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün etibarlı, təşəbbüskar və məsuliyyətli aktor kimi qəbul olunduğunu bir daha təsdiqləyir: “Davos İqtisadi Forumu qlobal iqtisadi trendlərin formalaşdığı, dünyanın gələcəyi ilə bağlı əsas ideyaların müzakirə olunduğu mühüm platformadır. Azərbaycan Prezidenti bu forumda mütəmadi iştirak etməklə ölkənin beynəlxalq iqtisadi və siyasi mövqeyini ardıcıl şəkildə təqdim edir”.

Deputat bildirib ki, budəfəki Davos səfəri də Azərbaycanın qlobal gündəmdə fəal rolunu bir daha göstərdi: “Prezident İlham Əliyev dövlət və hökumət başçıları, eləcə də dünya iqtisadiyyatını istiqamətləndirən transmilli şirkətlərin rəhbərləri ilə görüşlər keçirdi. Görüşlərdə xüsusilə qlobal iqtisadiyyatın yaşıl enerji və rəqəmsal texnologiyalar mərhələsinə keçidi fonunda Azərbaycanın mövqeyi və bu prosesə verə biləcəyi töhfələr diqqət mərkəzində oldu. Eyni zamanda, Prezident Davos platformasında regional və qlobal təhlükəsizliklə bağlı mühüm mesajlar verdi. Ermənistan–Azərbaycan münasibətləri, postmünaqişə dövründə sülh gündəliyi, eləcə də regionu və dünyanı narahat edən proseslərə dair mövqelər Azərbaycanın beynəlxalq nizamda artan rolunu nümayiş etdirdi.

Ümumilikdə, Davos səfəri Azərbaycanın təkcə iqtisadi tərəfdaş kimi deyil, həm də qlobal sülh və əməkdaşlıq təşəbbüslərində etibarlı aktor kimi qəbul olunduğunu bir daha təsdiqlədi”.