Davudoğlu: Müxalifin ayrı-ayrılıqda hərəkət etməsi ölkəyə ciddi təsir göstərmir

"Ümid edirik ki, qısa müddətdə bu ittifaq danışıqları tamamlanar. Türkiyənin üçüncü bir yola ehtiyacı var”

Gələcək Partiyasının sədri Əhməd Davudoğlu bildirib ki, Türkiyənin mövcud qlobal şəraitdə güclü siyasi birlik və yeni yol xəritəsinə ehtiyacı var. Onun sözlərinə görə, müxalif partiyaların ayrı-ayrılıqda hərəkət etməsi ölkəyə ciddi təsir göstərmir: “Hamımız xırda hesabları bir kənara qoymalıyıq. Ümid edirik ki, qısa müddətdə bu ittifaq danışıqları tamamlanar. Türkiyənin üçüncü bir yola ehtiyacı var”.

Sherg.az xəbər verir ki, TBMM-də nazirlərin andiçmə mərasimi zamanı baş verən davaya münasibət bildirən Davudoğlu bunu “utancverici görüntülər” adlandırıb və hadisələrin Türkiyənin beynəlxalq imicinə zərər vurduğunu deyib.

O, həmçinin iqtidar və müxalifət arasında deputat transferlərini tənqid edərək siyasətin nüfuzunun qorunmasının vacibliyini vurğulayıb.

Davudoğlu qeyd edib ki, son bir ayda ittifaq məsələsində canlanma var, müxtəlif partiyalarla görüşlər keçirilib və prosesin uğurla nəticələnməsi üçün səylər davam etdiriləcək.