Delsi Rodrigezi yaxşı tanıyıram, birgə işləmişik - Elmar Məmmədyarov

"Nikolas Madurodan imtina etməyəcək”

ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi hərbi müdaxilədən sonra Vaşinqtonun Latın Amerikası ilə bağlı siyasəti yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

Bu proses fonunda Prezident Donald Trampın Kolumbiya, Meksika, Kuba və Qrenlandiya ilə bağlı sərt və təhdid xarakterli bəyanatları müxtəlif ölkələrdə ciddi müzakirələrə səbəb olub. Analitiklər hesab edirlər ki, ABŞ-nin bu mövqeyi beynəlxalq münasibətlərdə güc amilinin ön plana çıxmasının növbəti təzahürüdür.

Baş verənlərlə bağlı Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ-nin bu tip addımları onun xarici siyasətində yeni deyil:

“ABŞ öz tarixində bu cür addımları dəfələrlə atıb. Əfqanıstan müharibəsi, Körfəz müharibəsi, Panama prezidentinin qaçırılması buna nümunədir. Bu cür davranışları ABŞ dövlətindən gözləmək olar. Hazırda beynəlxalq münasibətlərdə güc siyasəti əsas rol oynayır. ABŞ-nin atdığı addımlar, eyni zamanda Rusiyanın Ukraynada etdikləri buna yaxşı nümunədir.

Maraqlıdır ki, Venesuelada hazırda keçmiş xarici işlər naziri Delsi Rodrigez indi Prezident vəzifəsini müvəqqəti icra edir. Mən onu yaxşı tanıyıram. Biz əvvəllər birgə işləmişik. Düşünürəm ki, o, Nikolas Madurodan imtina etməyəcək”.