Dünyanın diqqəti Cenevrəyə yönəlmişdi: “Əsas prinsiplər üzrə razılaşdıq”

İran ilə ABŞ arasında Oman vasitəçiliyi ilə aparılan nüvə danışıqlarının ikinci raundu İsveçrənin Cenevrə şəhərində başa çatıb. İranın xarici işlər naziri Abbas Araqçi görüşdən sonra verdiyi açıqlamada “ABŞ ilə əsas prinsiplər üzrə razılığa gəldik” ifadəsini işlədib.

Sherg.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, İran və ABŞ arasında Oman vasitəçiliyi ilə mesaj mübadiləsi formasında keçirilən dolayı danışıqlar Omanın Cenevrədəki səfirliyində yekunlaşıb.

İsrail və ABŞ-nin 2025-ci ilin iyununda İrana qarşı həyata keçirdiyi hücumlar və 12 gün davam edən müharibə səbəbilə kəsilən diplomatik proses yenidən canlandırıldıqdan sonra tərəflər Maskatda keçirilən ilk raunddan sonra danışıqları Avropaya daşıyıblar.

Cenevrədə keçirilən görüşlərdə İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi başçılıq edib, ABŞ tərəfini isə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff təmsil edib.

ABŞ heyətində həmçinin Trampın müşaviri Cared Kuşner də yer alıb. Danışıqlar Oman xarici işlər naziri Bədr bin Həməd əl-Busaidinin koordinasiyası ilə aparılıb.

İran Xarici İşlər Nazirliyi bildirib ki, bu mərhələdə İranın danışıqlar heyətində texniki, hüquqi və iqtisadi ekspertlər də iştirak edib və Tehran əsas diqqəti iqtisadi sanksiyaların ləğvinə yönəldib.