Prezident İlham Əliyevin səfəri Azərbaycan-BƏƏ münasibətlərində yeni mərhələdir
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir. Dekabrın 17-də Əbu-Dabidə Prezident İlham Əliyev həmkarı Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan ilə görüşüb. Sonra dövlət başçıları "Gələcəyin oyunları 2025" adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak ediblər. Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan qlobal idman turnirinin açılış mərasimində iştirak etdiyinə görə dövlət başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyev də öz növbəsində dəvətə görə təşəkkür edib və bu tədbirin Birləşmiş Ərəb Əmirliklərində yüksək səviyyədə təşkil olunması münasibətilə təbriklərini çatdırıb. Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçısının BƏƏ-yə, BƏƏ Prezidentinin isə Azərbaycana səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların və müxtəlif səviyyələrdə həyata keçirilən digər qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında roluna toxunulub. Görüşdə Azərbaycan və BƏƏ prezidentləri əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, "Gələcəyin Oyunları" hər il təşkil olunması nəzərdə tutulan qlobal idman turniridir. Turnir iki mərhələdə həyata keçirilir. İlk mərhələdə idmançılar fiziki idman növləri üzrə yarışırlar. İkinci mərhələdə isə idmançıların rəqəmsal oyunlar üzrə bacarıqları sınaqdan keçirilir. “Növbəti nəsil insanlar. Gələcəyini oyna” devizi altında təşkil olunan turnirdə müxtəlif ölkələrdən idmançılar ümumilikdə 11 idman növü üzrə yarışacaqlar. Ötən il BƏƏ 9 iddiaçı namizəd arasında qalib gələrək, 2025-ci ildə keçiriləcək "Gələcəyin Oyunları" turnirinə ev sahibliyi etmək hüququ qazanıb. 
Millət vəkili Vüqar Bayramov Sherg.az-a deyib ki, Azərbaycan ilə BƏƏ arasında siyasi və iqtisadi əlaqələrin son illər daha da dərinləşməsi müşahidə olunur. Deputat qeyd edib ki, iki dövlət arasında ticarət dövriyyəsi 2024-cü ildə 96 milyon 805 min dollar olub: "2021-ci ilə nisbətən ticarət dövriyyəsi 2 dəfə artsa da, mövcud rəqəm potensialı tam əhatə etmirdi. Bu ilin ilk 10 ayında iki ölkə arasında ticarət dövriyyəsi 147 milyon 490 min dollara çatıb. Bu isə o deməkdir ki, Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsi bu ilin ilk 10 ayında bütövlükdə 2024-cü ilə nisbətən 66 faiz artıb. BƏƏ ilə ticarətdə Azərbaycan 40 milyon dollarlıq müsbət saldoya malikdir. Bu isə BƏƏ-nin qeyri-neft ixracatımızda yeni destinasiyalardan birinə çevrilməkdə olduğundan xəbər verir. Dövlətlərarası münasibətlərin dərinləşməsinin növbəti illərdə ticarət dövriyyəsində daha çox artımlar ilə müşahidə olunacağı gözlənilir. Qeyri neft-qaz ixracat bazarlarının şaxələndirilməsi baxımdan sözügedən ölkə ilə əməkdaşlıq olduqca vacibdir. Bu ilin ilk 10 ayında 2 milyard 988 milyon dollarlıq qeyri-neft qaz ixracatının 3.1 faizi Birləşmiş Ərəb Əmirliyinin payına düşüb".
Parlamentari bildirib ki, bununla yanaşı, BƏƏ Azərbaycanda yaşıl enerjiyə sərmayə qoyluşu həyata keçirən dövlətlərdəndir: "Tərəflər arasında innovativ sahədə əməkdaşlıq daha güclənməkdədir. Son illər Azərbaycan yaşıl enerji sektoruna 1 milyard dollardan çox sərmayə yönəldib. Bu investisiyaların əhəmiyyətli hissəsi körfəz dövlətlərinin payına düşür. Bu baxımdan, alternativ mənbələrdən enerji istehsalında Azərbaycan ilə BƏƏ arasında əməkdaşlığın daha da güclənəcəyi gözlənilir. BƏƏ Azərbaycanın işğaldan azad olunan ərazilərinə sərmayə yönəltməkdə maraqlı olan dövlətlərdəndir. Bu sahədə də əməkdaşlığın daha da dərinləşməsi gözlənilir. Bu, Qarabağın iqtisadiyyatının inkişafı və reinteqrasiyası prosesində BƏƏ-nin rolunu daha da artıra bilər. Bütövlükdə, Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliyinə səfəri iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacaq".