Etirazlar yenidən alovlanacaq, İranın daxili böhranı dərinləşir
İranda iki həftədir davam edən etiraz dalğasının ardından səssizlik hökm sürür. Yayılan məlumatlara görə, SEPAH iğtişaşları güc yolu ilə yatırıb. Görünən odur ki, bu dəfə də etirazlar dini rejimi devirməyə qadir olmadı. Yanvarın 20-də baş verən şiddətli qarşıdurmalardan sonra hökumət internetə çıxışı məhdudlaşdırıb. Son günlər isə məhdud şəkildə yenidən internetə çıxış verildiyi bildirilir. Sosial şəbəkələrdə yayılan görüntülər, etirazların İranı qan gölünə çevirdiyini göstərir. Bir videoda güney azərbaycanlı ana gənc oğlunun meyiti üstündə Azərbaycan dilində mərsiyə oxuyur. Kadrların bir çoxunda isə təhlükəsizlik qüvvələrinin etirazçıları güllələdiyi əks olunur. İranın bir qrup tibb işçisi və səhiyyə mütəxəssisi etirazlar zamanı baş verən zorakılıqlarla bağlı yeni tibbi və hüquqi hesabat yayımlayıb. Sənəddə üç gün ərzində 20 mindən çox insanın öldürülməsi ehtimalı irəli sürülür. Həmçinin hesabatda cəsədlərin son dərəcə ağır və qeyri-insani üsullarla toplanması, başların kəsilməsi, ağır yanıq izləri və kimyəvi təsir əlamətləri kimi hallar qeyd olunur. Sosial mediada yayılan digər kadrda ağzı maskalı şəxsin ətrafa kimyəvi maddələr səpələdiyi görünür. Bu görüntülər, hesabatdakı kimyəvi maddə iddiasını daha da gücləndirir. İran Prezidenti Məsud Pezeşkian isə 11 günlük kəsintidən sonra internet məhdudiyyətinin aradan qaldırılmasını tələb edib. Lakin rejim, internet məhdudiyyətini tam şəkildə aradan qaldırmaq niyyətində deyil. Digər tərəfdən ABŞ prezidenti Donald Trampın, “İran xalqı üçün yardım yoldadır” bəyanatından, sonra Tehrana hücumdan imtina etməsi hələ də qeyri-müəyyən olaraq qalır. Qəbirstanlığa çevrilmiş İranda geridə qalanların taleyinin isə necə olacağı qaranlıqdır.
Mövzu ilə bağlı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a açıqlamasında bildirib ki, İranda mövcud problemlər həllini tapmadığı təqdirdə etirazların yenidən alovlanması qaçılmazdır:
“İran prezidenti Məsud Pezeşkianın da etiraf etdiyi kimi, etirazçılar haqlıdır və legitim tələblər irəli sürürlər. Lakin rəsmi Tehran problemlərin həllinə ciddi yanaşmadığı üçün vəziyyət indiki kritik mərhələyə gəlib çıxıb. İranda oxşar etiraz dalğaları 2009, 2017, 2019 və 2022-ci illərdə də müşahidə olunub. İğtişaşlar müvəqqəti olaraq qorxu və zorakılıq yolu ilə dayandırılsa da, heç bir problem həllini tapmayıb. ölkədə maaşların aşağı olması, inflyasiyanı daha da dərinləşdirir. Milli valyutanın dəyəri isə zaman keçdikcə sürətlə aşağı düşür. Belə bir şəraitdə cəmiyyətin “sosial partlayış” həddinə çatması gözlənilən idi”.
Ə.Süleymaninin sözlərinə görə, hakimiyyət öz məsuliyyətini layiqincə yerinə yetirə bilmədiyindən ABŞ və İsrail yaranmış vəziyyətdən faydalanmağa çalışır:
“Bütün problemləri xarici qüvvələrin üzərinə atmaqla ölkəni idarə etmək mümkün deyil. Hakimiyyət həm daxili islahatlar aparmalı, həm də xarici müdaxilələrə zəmin yaradan boşluqları aradan qaldırmalıdır. Əks halda, bu proses həllini tapmayana qədər etirazlar davam edəcək. Xüsusilə İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın sərt nüvə siyasəti ölkədə böhranın dərinləşməsində mühüm rol oynayıb. Məhz onun dövründə ABŞ-nin təşəbbüsü BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiya qətnamələri qəbul edilib. Trampın 2018-ci ildə nüvə sazişindən birtərəfli qaydada çıxması isə iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirib”.
Sabiq səfir, Trampın siyasətinə toxunaraq bildirib ki, ABŞ prezidentinin açıqlamaları bir-biri ilə ziddiyyət təşkil edir:
“Tramp “Burda mənəm Bağdatda kor xəlifə” prinsipi ilə hərəkət edən populist siyasətçidir. Trampın indiyədək ən “uğurlu” addımlarından biri Venesuela lideri Nikolas Maduro və onun həyat yoldaşının birbaşa yataq otağından götürülməsi olub. Eyni zamanda Trampın istər Qəzza məsələsi, istərsə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı verdiyi vədlər bu günə qədər real nəticə verməyib. Netanyahu hökumətinin on minlərlə günahsız insanın ölümünə səbəb olduğu bir şəraitdə İran xalqının yanında olduğunu iddia etməsi isə inandırıcı deyil”.
Ə. Süleymaninin qənaətinə görə, İran xalqının taleyi nə İsrailin Baş naziri Benyamin Netanyahunu, nə də ABŞ Prezidentini ciddi şəkildə maraqlandırır:
“12 günlük müharibə dövründə ABŞ və İsrailin İrana endirdiyi zərbələr də mövcud problemlərin həllinə xidmət etməyib. Trampın mümkün hava zərbələri İran daxilindəki dərin sosial-iqtisadi böhranı aradan qaldırmayacaq. Bunları nəzərə alan, ABŞ lideri İrana hücum etməyəcək. Həmçinin Trampın siyasi xətti uzunmüddətli müharibələrə deyil, daha çox təzyiq və xaos yaratmağa hesablanıb”.
Aybəniz Səfərova