Ərdoğan: “Azərbaycanla Türkiyə arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən qayıdarkən verdiyi açıqlamada iki ölkə arasında fikir ayrılığı yaratmağa çalışanların cəhdlərinin nəticəsiz qalacağını bildirib.

O qeyd edib ki, İran və ABŞ arasında gərginliyin artmasını istəmirlər və Rusiya-Ukrayna müharibəsinin başa çatmasının tərəfdarıdırlar.

Sherg.az xəbər verir ki, Prezident Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Şuşaya səfərindən sonra ölkəsinə qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

Şuşa Zəfər Günü tədbirlərində iştirak edən Ərdoğan deyib: “Birlik və həmrəylik mesajlarımızı ən güclü şəkildə verdik. Xocalı soyqırımı qurbanlarını rəhmətlə yad etdik, Xankəndiyə səfər etdik. İnşallah, qəhrəmanlarımızın ruhunu şad etdik”.

Türkiyə və Azərbaycanın qırılmaz bağlarla bir-birinə bağlı iki qardaş ölkə olduğunu vurğulayan Ərdoğan bildirib ki, bütün təxribat cəhdlərinə baxmayaraq, enerji, nəqliyyat və infrastruktur başda olmaqla, bir çox strateji sahədə əməkdaşlıq meqa layihələrlə daha da möhkəmləndirilib.

“İnşallah, atacağımız yeni addımlarla həmrəyliyimizi daha da gücləndirəcəyik. Bütün bu məsələləri İlham qardaşımla görüşümüzdə müzakirə etdik”, - deyə o əlavə edib.

Jurnalistin Azərbaycan-Türkiyə münasibətlərinə dair sualını cavablandıran Ərdoğan bildirib ki, Qarabağda keçirilən anım mərasimində də vurğuladıqları kimi, “bir millət, iki dövlət” anlayışı ilə münasibətlərini inkişaf etdirən iki güclü dövlət arasında həmrəylik mövcuddur.

“İlham Əliyev qardaşımla səmimi şəkildə qucaqlaşdıq, həsrətimizi aradan qaldırdıq. Azərbaycanla Türkiyə arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar. İki ölkə arasında tam həmrəylik, ortaq tale və qardaşlıq münasibətləri var”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

O bildirib ki, digər qardaş ölkələrlə birlikdə türk dünyasının güclü səsini regionda və dünyada daha yüksəklərə çatdıracaq, firavan gələcəyi birgə quracaqlar.

Ərdoğanın sözlərinə görə, Türkiyə və Azərbaycan bundan sonra da regionda sülh, sabitlik və rifah naminə çiyin-çiyinə irəliləyəcəklər.

“Dezinformasiyaya etibar etməməliyik”

Türkiyə Prezidenti Azərbaycanla qardaşlığın pozulmasını istəyənlərin cəhdlərinə qarşı diqqətli olmağın vacibliyini vurğulayıb.

O qeyd edib ki, Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birlikdə hərəkət etdikdə hansı nəticələr əldə edə bildiyini görmək üçün tarixə nəzər salmaq kifayətdir.

“Biz fərqli dövlətlərik və fərqli institusional strukturlara malikik. Bununla belə, qardaşlıq bağları ilə bir-birimizə sıx bağlıyıq. Bu bağ bizi ayaqda saxlayan, güclü edən ən mühüm amildir”, – deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, ortaq tarix, mədəniyyət və gələcək nəsillərə ötürüləcək böyük miras bu qardaşlığın ən möhkəm təminatlarından biridir.

Ərdoğan belə cəhdlərə qarşı diqqətli olmağa çağıraraq dezinformasiyaya inanmamağın, bütün məsələlərdə birbaşa, səmimi və açıq kommunikasiya kanallarından istifadə etməyin vacibliyini qeyd edib.

İran-ABŞ gərginliyi

İran və ABŞ arasında gərginliyin yenidən artması ilə bağlı suala cavabında Ərdoğan regionda yeni hərbi əməliyyatların başlanmasını və qeyri-sabitliyin daha da dərinləşməsini istəmədiklərini bildirib.

“İrana qarşı yeni hücum dalğasının başlanmasını və regionumuzun daha çox qeyri-sabitliyə sürüklənməsini istəmirik. Problemlərin dialoq və diplomatiya yolu ilə həllinin mümkün olduğunu hər fürsətdə bildiririk. Təəssüf ki, yenidən mənfi istiqamətdə bir hərəkətlənmədən danışa bilərik. Bunun qarşısını almaq üçün əlimizdən gələni edirik”, – deyə o bildirib.

Ərdoğan ABŞ Prezidenti Donald Trampla bu məsələni müzakirə etdiyini və narahatlıqlarını çatdırdığını deyib. O, tərəflərə sülh və diplomatiya imkanlarının yaradılması üçün vasitəçilik etməyə hazır olduqlarını da çatdırdıqlarını vurğulayıb.

Rusiya-Ukrayna müharibəsi

Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışan Ərdoğan Türkiyənin müharibənin ilk günlərindən etibarən sülh və danışıqların tərəfdarı olduğunu bildirib.

O, ABŞ Prezidenti Donald Trampın səylərini dəstəklədiklərini qeyd edərək, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə təmasları davam etdirəcəklərini deyib.

Ərdoğan İstanbulda yaradılmış danışıqlar platformasını, taxıl dəhlizi təşəbbüsünü və əsir mübadiləsində Türkiyənin rolunu ölkəsinin sülh prosesindəki mövqeyinin mühüm göstəriciləri kimi qiymətləndirib.

COP31 və digər məsələlər

Ərdoğan Antalya şəhərində keçiriləcək COP31 sammitinin Türkiyənin iqlim siyasəti ilə bağlı baxışlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətli platforma olacağını bildirib.

O, sammitin yalnız bəyanatlarla məhdudlaşmamalı, konkret nəticələrin əldə edildiyi və ölkələrin öhdəliklərini həyata keçirdiyi platformaya çevrilməli olduğunu vurğulayıb.

Türkiyə Prezidenti Şimali Kipr Türk Respublikasının beynəlxalq səviyyədə tanınmasına dair çağırışlarını da təkrarlayıb. O, Kipr məsələsində iki dövlətli həll modelini dəstəklədiklərini və türk kiprlilərin beynəlxalq hüquq müstəvisində bərabər suverenliyinin tanınmalı olduğunu bildirib.

“Terrorsuz Türkiyə” prosesi

Ərdoğan “Terrorsuz Türkiyə” prosesi ilə bağlı isə silahlı təşkilatın bütün strukturları ilə buraxılmasının və silahlarını tam şəkildə təhvil verməsinin əsas prioritet olduğunu bildirib.

O qeyd edib ki, bu proses dövlətin müvafiq qurumları tərəfindən konkret şəkildə yoxlanılmalı və təsdiqlənməlidir.

Prezident prosesin başa çatması üçün dəqiq tarix açıqlamaq əvəzinə, onun sağlam, tam və geri dönüşü olmayacaq şəkildə yekunlaşmasına diqqət yetirdiklərini vurğulayıb.

Ərdoğan latınca “Festina lente” - “Tələsmədən tələs” ifadəsini xatırladaraq, ehtiyatlı, lakin çevik hərəkət etdiklərini və prosesdə hər hansı yanlış addıma yol vermək istəmədiklərini bildirib.