Ərdoğan kürdlərə çağırış etdi

“Suriyada terror təşkilatına qarşı əməliyyatlar bəhanə edilərək, tamamilə yalan və təhrif üzərində qurulmuş təbliğatla bütün kürdlərin təhrik edilməyə çalışıldığını görürük. Xüsusilə Türkiyədəki kürd qardaşlarımın bu oyunlara uymamalı olduğunu, edilən çağırış və təxribatların arxasındakı həqiqi niyyəti görərək sakitliklə, sağlam düşüncə ilə, ayıq-sayıq və uzaqgörənliklə davranmalarının vacibliyini bir daha xatırladıram”.

Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Terror təşkilatı ayrıdır, mənim kürd qardaşlarım ayrıdır. Kim olur-olsun, istər burada, istərsə də orada, heç kim mənim kürd qardaşlarımın iradəsini girov ala bilməz. Kürd qardaşlarımız bu təxribatlara aldanmasınlar, sağlam düşüncəni əsla əldən verməsinlər.

Geridə qoyduğumuz 15 ay ərzində çox mühüm addımlar atdıq. Prosesi bu nöqtəyə qədər gətirdik. Müvafiq komissiya yekun hesabatı hazırlayır. Siyasət institutuna yol göstərəcək bir hesabatın ortaya çıxacağına inanıram”, - o bildirib.

Türkiyə Prezidenti hamını narahat olmamağa çağırıb:

“Türkiyə olduğu müddətdə heç kimin başqa bir himayədar axtarması və ya başqa tərəfdaşların ardınca düşməsinə ehtiyac yoxdur. Biz kürd qardaşlarımızın zərər görməsinə əsla icazə vermərik. Ən çətin vaxtlarında kürd qardaşlarımıza sahib çıxmışıq. Artıq hamı bunu görməlidir, əsas olan bölünmə deyil, birləşmədir. Əsas olan xırda dövlətciklərə parçalanmaq deyil, birləşərək güc birliyi yaratmaqdır.

Hamını məsuliyyətli davranmağa dəvət edirəm. Xalqımızın heç bir fərdi bunu ağlından çıxarmasın, çox kritik günlər yaşayırıq. Ən kiçik səhvin ciddi nəticələr doğura biləcəyi həssas mərhələdən keçirik. Uca Allah bizi bir-birimizə düşürmək istəyənlərə fürsət verməsin”.