Ərdoğan: “LGBT, narkotik və rəqəmsal asılılıqlar 86 milyonu təhdid edir”

Prezident çıxışında müxalifəti də tənqid edərək, ölkənin əsas problemlərinə real həll yolları təklif etmədiklərini söyləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Lütfi Kırdar Konqres Mərkəzində keçirilən Birlik Vəqfinin 40 illik yubiley tədbirində çıxış edib.

Sherg.az xəbər verir ki, Prezident, mədəni imperializmin təsiri fərddən ailəyə, ailədən isə cəmiyyətə qədər uzanan ciddi parçalanma riski yaratdığını bildirib.

Ərdoğan vurğulayıb ki, LGBT kimi zərərli ideoloji axınlar, narkotik, qumar və rəqəmsal asılılıqlar, məxfilik anlayışının aşınması və ailə institutuna yönələn hücumlar 86 milyon vətəndaşı təhdid edən əsas çağırışlardandır.

Dövlət başçısı qeyd edib ki, hökumət bu təhlükələrə qarşı sanal mərc və qumara qarşı tədbirlər paketi daxil olmaqla müxtəlif layihələr həyata keçirir, lakin problemin yalnız dövlət səviyyəsində həllinin mümkün olmadığını bildirib. Ərdoğan ailələrin, qeyri-hökumət təşkilatlarının, medianın və cəmiyyətin bütün təbəqələrinin birgə mübarizəsinin vacibliyini önə çəkib.

Prezident çıxışında müxalifəti də tənqid edərək, ölkənin əsas problemlərinə real həll yolları təklif etmədiklərini söyləyib və milli-mənəvi dəyərlərin qorunmasının prioritet olduğunu vurğulayıb.