Ərdoğan müharibəni dayandırmaq üçün çalışır: NATO Baş katibi ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Merts ilə telefon danışığı aparıb. Sherg.az xəbər verir ki, dialoq zamanı İranın hədəf alındığı əməliyyatlar və sonrakı gərginlik müzakirə olunub.

ABŞ və İsrailin İrana qarşı hücumlarını Ankara diplomatik yollarla durdurmağa çalışır.

Prezident Ərdoğan regiondakı qarşıdurmaların həm regional, həm də qlobal təhlükəsizliyə mənfi təsir göstərdiyini bildirib. O, bölgədə davamlı sülhün təmin olunması üçün barış yönümlü təmasların artırılmasının və tərəflərin dialoq masasına dəvət edilməsinin vacib olduğunu qeyd edib.

Daha sonra Ərdoğan NATO Baş katibi Mark Rutte ilə telefon danışığı aparıb. NATO-nun gündəmindəki məsələlər, region və qlobal inkişaflar müzakirə olunub.

Ərdoğan Türkiyənin bölgədəki prosesləri diqqətlə izlədiyini, davamlı və dayanıqlı sülh üçün diplomatiyaya imkan verilməsinin vacib olduğunu vurğulayıb. O, Ankara şəhərində keçiriləcək NATO Liderlər Zirvəsinə hazırlıqların davam etdiyini və Türkiyənin zirvəyə layiqincə ev sahibliyi edəcəyini bildirib.

Dialoq zamanı NATO Baş katibi Rutte də təşkilat olaraq bütün tərəflərin təhlükəsizliyini təmin etmək üçün 360 dərəcə baxış bucağı ilə fəaliyyətlərini davam etdirəcəklərini qeyd edib.