Ərdoğan: “Uşaqların faciəsi üzərindən güc nümayiş etdirmək vicdansızlıqdır”

  • “Antalyadan bütün dünyaya güclü mesaj verək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən COP31 Liderlər Zirvəsinin açılış proqramında çıxış edib. O, həddindən artıq istehlak hərisliyinin təsiri ilə bəşəriyyətin mövcudluq böhranı yaşadığını bildirib.

Sherg.az xəbər verir ki, Ərdoğan çıxışında iqlim dəyişikliyi, ətraf mühitin qorunması, qlobal istiləşmə və Qəzzada yaranmış humanitar vəziyyətə toxunub.

Türkiyə lideri bəşəriyyətin ortaq evinin Yer kürəsi olduğunu vurğulayıb:

“İnsanlıq olaraq evimizin yalnız bir damı var, o da səma, evimizin yalnız bir bağı var, o da Yer kürəsidir. Bizim başqa meşələrimiz, okeanlarımız və dənizlərimiz yoxdur. Lakin bu gün bəşəriyyət həddindən artıq istehlak hərisliyinin təsiri ilə mövcudluq böhranı yaşayır”.

Ərdoğan qlobal istiləşmə, biomüxtəlifliyin məhv olması, təbii ehtiyatların həddindən artıq istehlakı, ərzaq təhlükəsizliyinin təhdid altına düşməsi və dağıdıcı iqlim hadisələrinin ciddi problemlər yaratdığını deyib.

O bildirib ki, Türkiyə iqlim dəyişikliyi ilə mübarizədə problemin deyil, həllin bir hissəsi olmağa çalışır. Prezident ölkəsinin 2053-cü ilədək xalis sıfır emissiya hədəfinə uyğun olaraq yaşıl inkişaf siyasətini davam etdirdiyini, su ehtiyatlarının qorunması istiqamətində tədbirlər gördüyünü qeyd edib.

Ərdoğan 2017-ci ildə başladılan “Sıfır Tullantı” hərəkatının nəticələrinə də diqqət çəkib. Onun sözlərinə görə, həmin vaxt təxminən 13 faiz olan ölkənin təkrar emal göstəricisi 2025-ci ilin sonuna doğru 40 faizə yaxınlaşıb.

Türkiyə Prezidenti çıxışında Qəzzada baş verənlərin ekoloji fəsadlarından da danışıb:

“BMT Baş Assambleyasındakı çıxışımda da vurğuladığım kimi, Qəzzada təkcə soyqırımı deyil, eyni zamanda ekoloji qırğın da yaşanıb. Əsrlik zeytun ağacları kəsilib, torpaq və su çirkləndirilib, şəhərlər nəhəng dağıntı yığınlarına çevrilib.

Son günlər Qəzzadan yenidən ürəkdağlayan xəbərlər gəlir. Məhv edilmiş infrastruktur, güclü yağışlar və daşqın fəlakəti ilə birləşərək on minlərlə çadır və sığınacağın su altında qalmasına səbəb olub. Başlarını soxmağa bir dam belə tapmayan yüz minlərlə qəzzalı, xüsusilə də soyuqdan titrəyən günahsız uşaqlar bu qış şəraitində, çox vaxt valideynlərindən ayrı şəkildə, suların içində yaşamaq uğrunda mübarizə aparırlar.

Bəşəriyyət adına utancverici olan bu mənzərəni görən heç kim məsuliyyətdən yayına bilməz. Qəzzalı uşaqların faciəsi üzərindən güc nümayiş etdirmək zəiflik, acizlik və vicdansızlıqdır. Bölgəyə humanitar yardımların çatdırılmasına icazə verilməli, bu zülmə son qoyulmalıdır. Gəlin, Antalyadan bütün dünyaya güclü mesaj verək”.