- Türkiyə Prezidenti Mustafa Kamal Atatürkin məqbərəsinə əklil qoyub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yüksək Hərbi Şura (YAŞ) iclası ərəfəsində Anıtkabiri ziyarət edib.
Sherg.az xəbər verir ki, toplantı daha sonra Prezident Ərdoğanın sədrliyi ilə Beştəpə Prezident Kompleksində keçiriləcək.
İclasda Türkiyə Silahlı Qüvvələrində general, admiral və polkovniklərin rütbə yüksəlişi, yeni təyinatlar, təqaüdə göndərilmə və xidmət müddətlərinin uzadılması ilə bağlı məsələlər müzakirə olunacaq. Qərarlar Prezidentin təsdiqindən sonra ictimaiyyətə açıqlanacaq.
Bundan başqa, bəzi qüvvə komandanlıqlarında mümkün kadr dəyişikliklərinin də gündəmdə olduğu bildirilir.
YAŞ iclasında ilk dəfə olaraq Türkiyənin ədliyyə naziri Akın Gürlek, daxili işlər naziri Mustafa Çiftçi və Quru Qoşunları Komandanı Metin Tokel iştirak edəcəklər.
Anıtkabirdə keçirilən rəsmi mərasim zamanı Ərdoğan Mustafa Kamal Atatürkin məqbərəsinə əklil qoyub, ehtiram duruşunda iştirak edib və Xatirə Kitabını imzalayıb. O, müraciətində Türk Silahlı Qüvvələrinin yüksək intizamı, milli iradəyə sadiqliyi və artan çəkindiricilik gücü ilə ölkənin təhlükəsizliyinin əsas təminatçılarından biri olduğunu vurğulayıb.