Ərdoğandan İzmirdəki faciə ilə bağlı açıqlama: 16 nəfər həlak olub, 13 nəfər yaralanıb

Türkiyənin İzmir şəhərində baş verən partlayış nəticəsində 16 nəfər həyatını itirib, 13 nəfər yaralanıb. Sherg.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Ərdoğanın sözlərinə görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. Hadisə ilə bağlı hüquqi və inzibati araşdırmalara başlanılıb.

Prezident qeyd edib ki, faciənin səbəbləri və hadisəyə görə məsuliyyət daşıyan şəxslər müəyyənləşdiriləcək. Onun tapşırığı ilə energetika və daxili işlər nazirləri dərhal hadisə yerinə yollanıblar.

Ərdoğan həlak olan işçilərin ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.

İxrac və turizm göstəricilərində artım

Nazirlər Kabinetinin iclasında ölkənin daxili və xarici gündəmi də müzakirə olunub. Ərdoğan bildirib ki, Türkiyə ətraf regiondakı qeyri-sabitliyə baxmayaraq, iqtisadi inkişafını davam etdirir.

Onun açıqlamasına görə, Türkiyənin oktyabr ayı üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq 25,9 milyard dollara çatıb. Yanvar-oktyabr aylarında ümumi ixrac 236,8 milyard dollar təşkil edib.

Prezident həmçinin müdafiə və aviasiya sənayesi məhsullarının ixracının oktyabrda illik müqayisədə 61 faiz artaraq 1 milyard 140 milyon dollara yüksəldiyini bildirib.

Ərdoğanın sözlərinə görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Türkiyəyə 49 milyon 132 min ziyarətçi gəlib, turizm gəlirləri isə 51 milyard 278 milyon dollara çatıb.