Ərdoğanın Bakı səfəri ictimai müstəvidə müəyyən yeni vəziyyət yaradacaq - Mehman Əliyev


  • Ukraynada sülhməramlı missiyanı Azərbaycan və Türkiyə həyata keçirə bilər
  • “Əliyev-Ərdoğan görüşündə İran, Ermənistan və ABŞ gündəliyi müzakirə olunacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər edəcəyini açıqlayıb. Sherg.az xəbər verir ki, Ərdoğan “Qardaşlığımızın aşa bilməyəcəyi heç bir maneə yoxdur” mesajını da verib. “Fövqəladə bir vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, – deyə Türkiyə Prezidenti bildirib.

Ərdoğan əlavə edib ki, bu səfər vasitəsilə zəruri addımların atılması üçün fürsət yaranacağına ümid edir: “Mən artıq Azərbaycan Prezidenti cənab İlham Əliyevlə telefon danışıqları aparmışam. Bununla yanaşı, həm Milli İstihbarat Təşkilatının rəhbərini, həm də xarici işlər nazirini Azərbaycana göndərmişəm. Bundan əlavə, həm cənab Əliyevlə, həm də xanımlarımız arasında fəal ‘telefon diplomatiyası’ davam edir. Onlar 8 Noyabr – Zəfər Gününə böyük əhəmiyyət verirlər. Həmişə dediyim kimi, Azərbaycanla münasibətlərimiz adi diplomatik əlaqələrdən qat-qat üstündür. Xalqlarımız arasındakı sarsılmaz bağ ortaq tariximizin, mədəniyyətimizin və taleyimizin, eləcə də, inşallah, ortaq gələcəyimizin məhsuludur. Allahın köməyi ilə Türkiyə və Azərbaycan arasındakı qardaşlığın aşa bilməyəcəyi heç bir maneə yoxdur”.

Ərdoğanın Bakı səfərini şərh edən araşdırmaçı-jurnalist Mehman Əliyev Sherg.az-a bildirib ki, səfər zamanı əsas diqqətin regional proseslərə və Azərbaycan-Türkiyə münasibətlərinə yönələcəyi gözlənilir. Onun sözlərinə görə, müzakirə olunacaq məsələlərdən biri ABŞ-da keçirilən son seçkilərin nəticələri və bunun beynəlxalq proseslərə mümkün təsirləri olacaq:

“Hesab edirəm ki, Demokratlar Partiyasının Konqresdə və Senatda mövqelərini gücləndirməsi regionda cərəyan edən proseslərə də təsirsiz ötüşməyə bilər. Azərbaycanın demokratlarla münasibətləri tarixən müəyyən gərginliklərlə müşayiət olunub. Bəzi ekspertlər arasında belə fikirlər var ki, demokratlar regionda baş verən proseslərə maneələr yarada bilərlər. Mən isə bu ehtimalı o qədər də real hesab etmirəm. Lakin istənilən halda ABŞ-dakı siyasi dəyişikliklərin mümkün təsirləri Əliyevlə Ərdoğan arasındakı görüşdə müzakirə mövzularından biri olacaq. Bundan başqa, İran məsələsi, Azərbaycan-Ermənistan münasibətləri və Ermənistan-Türkiyə sərhədinin açılması perspektivləri də diqqət mərkəzində olacaq. Türkiyə və Ermənistan tərəfləri sərhədin açılmasında maraqlı olduqlarını bəyan ediblər. Bu məsələ uzun müddət Azərbaycanın mövqeyi ilə əlaqələndirilib. Ona görə də regional proseslər kontekstində bu mövzunun da müzakirə ediləcəyini düşünürəm”.

M. Əliyevin sözlərinə görə, səfər çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinin iqtisadi, sosial, siyasi, hərbi və təhlükəsizlik aspektləri üzrə geniş müzakirələr aparıla bilər:

“İki ölkənin gündəliyində kifayət qədər çox məsələ var. Ukrayna məsələsinin də müzakirə olunması mümkündür. Gözləntilərə görə, noyabrın sonu və ya dekabrın əvvəlində Ukraynada atəşkəs əldə edilə bilər. Belə bir razılaşma əldə olunarsa, sülhməramlı qüvvələrə və ya missiyaya ehtiyac yaranacaq. Mən hesab edirəm ki, bu missiyanı həyata keçirmək potensialına malik ölkələr sırasında Azərbaycan və Türkiyə xüsusi yer tutur. Çünki hər iki dövlət bu istiqamətdə oxşar siyasət yürüdür və həm Ukrayna, həm də Rusiya tərəfindən qəbul edilə biləcək mövqeyə və imkanlara malikdir. Bir daha qeyd edim ki, səfər çərçivəsində daha çox regional məsələlər və ikitərəfli münasibətlər müzakirə olunacaq. Ərdoğanın Bakıya gəlişini hansısa mövcud ikitərəfli problemin həlli zərurəti ilə əlaqələndirməzdim. Çünki hazırda belə bir problem gündəmdə deyil”.

Ərdoğanın Bakı səfərinin Azərbaycan və Türkiyə arasında müşahidə olunan gərginliyə mümkün təsirlərini şərh edən Mehman Əliyev bildirib ki, dövlətlərarası münasibətlərlə ictimai müstəvidəki müzakirələri bir-birindən fərqləndirmək lazımdır:

“Dövlətlər arasında rəsmi səviyyədə qarşılıqlı ittihamlar və neqativ bəyanatlar səsləndirilməyib. Son dövrlər müşahidə olunan narazılıqlar daha çox ictimai müstəvidə, sosial şəbəkələrdə və mediada özünü göstərir. Ərdoğan dəfələrlə Azərbaycanla münasibətlərin yaxşı olduğunu, hər şeyin qaydasında getdiyini bəyan edib. Bu baxımdan, onun Bakı səfərini hansısa dövlətlərarası problemin həlli zərurəti ilə əlaqələndirməzdim.

Onu da deyim ki, bu görüşün nəticələri və səfərdən sonra veriləcək bəyanatlar ictimai müstəvidə də müəyyən yeni vəziyyət yaradacaq. Ərdoğanın Zəfər Günü münasibətilə Bakıda iştirakı və görüşün nəticələri qarşılıqlı narazılıqların müəyyən qədər səngiməsinə təsir göstərə bilər. Bununla yanaşı, bəzi destruktiv qüvvələr bu cür müzakirələri davam etdirməyə çalışsalar belə, onların qarşısının alınacağını düşünürəm. Türkiyədə Azərbaycana qarşı fəal çıxış edən bəzi şəxslərin məsuliyyətə cəlb olunması və fəaliyyətlərinin məhdudlaşdırılması istiqamətində addımlar atılır. Azərbaycanda isə bu məsələ daha asandır. Media və sosial şəbəkələr üzərində müəyyən nəzarət mexanizmləri mövcuddur”.

Şəymən