Tofiq Abbasov: "II Qaregin neytrallaşdırılmasa, Paşinyanı böyük təhlükə gözləyir"
Ermənistanda parlament seçkiləri ərəfəsində olduqca gərgin və kəskin siyasi mübarizə gedir.
Qarşıdurma yalnız siyasi partiyalar arasında deyil, cəmiyyətin müxtəlif institutlarını da əhatə edir. Xüsusilə kilsə ilə hakimiyyət arasında münasibətlərin kəskinləşməsi diqqət çəkir. Erməni keşiş Armen Melkonyanın səsləndirdiyi fikirlər isə bu qarşıdurmanın miqyasının daha geniş olduğunu göstərir. Onun sözlərinə görə, bəzi kilsə strukturları siyasiləşərək müxalif qüvvələrin təsiri altına düşüb və bu proses ölkədaxili sabitliyə ciddi təsir göstərir:
“Bəzi erməni kilsələri siyasiləşdirilib, müxalifətə xidmət edir. Həbs edilən arxiyepiskop Baqrat Qalstanyanın da öz toplantılarını İrəvanda kilsədə təşkil etməsi təsadüfi deyildi. Bəzi din adamları xalq arasında nifrət toxumu səpir, onu zəhərləyirlər. Baş nazir Nikol Paşinyan insanların gözlərini açmağa çalışır. Xalqımızın bir hissəsi onun dürüstlüyü qiymətləndirmir. Baş nazir kilsə rejiminin işləmədiyini, üfunətli olduğunu göstərir. Baş nazir onların boğazlarında sümüyə çevrilib, uda bilmirlər, bu insanlar terrorçudur, müharibəni qızışdırmaq istəyirlər. Keşişlə keçmiş hakimiyyətlərin dövründə iqtidarda olanların qarşısında baş əyir, az qala ayaqqabılarını silirdilər. Fikrimcə, yalnız II Qareginin dəyişdirilməsi problemi həll etməyəcək, bütün erməni kilsələri dəyişdirilməlidir”.
Politoloq Tofiq Abbasov II Qareginin devrilməsi istiqamətində hakimiyyətin atdığı addımların rasional və məqsədyönlü olduğunu bildirib. O, Sherg.az-a bildirib ki, kilsə dini institutdan uzaqlaşıb və siyasi alətə çevrilib: 
"Bu struktur daxilində casus şəbəkələrinin formalaşdırılması, maliyyə maxinasiyaları, o cümlədən genişmiqyaslı pul yuyulması halları mövcuddur. Eyni zamanda xarici təsir mexanizmləri də məhz kilsə üzərindən həyata keçirilir. Telefon danışıqları, məxfi yazışmalar, mesajlaşmalar və digər kommunikasiya kanalları artıq Paşinyan hakimiyyətinin nəzarət dairəsindədir. Bu baxımdan hazırda əlavə sübut axtarmağa ehtiyac yoxdur. Kilsə institutu açıq şəkildə saxtakarlıq və qeyri-şəffaf proseslərin mərkəzinə çevrilib, siyasi motivlərlə hərəkət edir və öz mövqelərini qorumağa çalışır. Halbuki kilsə dini təsisat kimi cəmiyyətə ümid, mənəvi dayaq və sabitlik aşılamalıdır. Reallıq isə tam fərqlidir: Erməni kilsəsi davamlı şəkildə müharibə ritorikasını gündəmdə saxlayır, revanşist qüvvələrə açıq dəstək verir və eskalasiya meyillərini qidalandırır. Bu isə onların birbaşa təyinatı ilə qətiyyən uzlaşmır".
Politoloqun fikrincə bütün bunlar bir daha göstərir ki, erməni kilsəsi özünü faktiki olaraq siyasi partiya kimi aparır və Paşinyan üçün real siyasi rəqibə çevrilməyə çalışır:
"Paşinyan anlayır ki, əgər bu mərhələdə II Qaregin zərərsizləşdirilməzsə, gələcəkdə onun qarşısında daha ciddi problemlər yarana bilər. Məhz buna görə də seçkilər öncəsi bu addımların atılması təsadüfi deyil. Məqsəd təhlükəli rəqibi vaxtında neytrallaşdırmaq və onun siyasi təsir imkanlarını məhdudlaşdırmaqdır. Hesab edirəm ki, Nikol Paşinyan bu prosesdən qalib çıxacaq və qarşıya qoyduğu məqsədə nail olacaq".