Erməni millətçiliyi kartı yenidən işə salınır - Politoloq

  • "Bu qanun qəbul olunsa, Ermənistanın Avropa yolu bağlana bilər"

Ermənistan parlamentində azərbaycanlıların ölkədə 10 gündən artıq qalmasının və daşınmaz əmlak əldə etməsinin qadağan olunması ilə bağlı irəli sürülən təklif ölkə daxilində də ciddi etirazlara səbəb olub. Erməni siyasi analitik David Stepanyan bu təşəbbüsü hüquqi və siyasi baxımdan əsassız adlandıraraq, müxalifətin populist gündəm formalaşdırmağa çalışdığını bildirib.

Onun fikrincə, bu cür təkliflər cəmiyyətə real həll yolları təqdim etmək əvəzinə, siyasi manipulyasiya məqsədi daşıyır: “ “Güclü Ermənistan” blokunun deputatı Narek Karapetyanın irəli sürdüyü təkliflər absurddur. Narek Karapetyan sabah Türkiyə bayrağından Ayın çıxarılması üçün də təklif verə bilər. Putinin bəyanatı onu “xilaskar” kimi görən müxalifət seçicilərini birləşdirdi. Hakimiyyət uğrunda mübarizə aparan oliqarxlar Ermənistanın “Rusiya vilayəti” olmasına səs verdilər”.

Xatırladaq ki, Narek Karapetyan Ermənistan parlamentinin avqustun 3-də keçirilən iclasında azərbaycanlıların ölkə ərazisində on gündən artıq qalmasını və mənzil almasını qadağan etməyi təklif edib. O, azərbaycanlıların Ermənistanda daşınmaz əmlak almasının qarşısının alınmasını “vacib” sayıb.

Politoloq Zeynal Əmralıyev Sherg.az-a bildirib ki, bu cür təşəbbüslər hüquqi zərurətdən deyil, daxili siyasi hesablamalardan qaynaqlanır:

“"Ermənistanda bəzi siyasətçilər bu cür revanşist bəyanatlar və təşəbbüslərlə radikal düşüncəli elektoratın dəstəyini qazanmağa çalışırlar. Onlar yaxşı bilirlər ki, cəmiyyətdə hələ də köhnə düşüncə ilə yaşayan, revanşist çağırışlara həssas yanaşan müəyyən bir kəsim mövcuddur. Buna görə də belə çıxışlar daha çox həmin auditoriyaya hesablanmış populist addımlardır.

Eyni zamanda, bu cür təşəbbüslər Erməni Apostol Kilsəsinin dəstəyini qazanmaq məqsədi daşıyır. Çünki Ermənistanda revanşist dairələrə ən açıq dəstək verən institutlardan biri məhz kilsədir.

Narek Karapetyan da vaxtilə Robert Köçəryan komandasına yaxın şəxslərdən olub və bu gün də onun siyasi ritorikasını davam etdirir. Ona görə də burada məqsəd təkcə daxildə radikal elektoratın rəğbətini qazanmaq deyil. Paralel olaraq həm kilsənin dəstəyini əldə etmək, həm də Rusiyadakı revanşist dairələrin diqqətini çəkmək cəhdi müşahidə olunur. Belə siyasətçilər özlərini guya erməni millətçiliyinin əsas müdafiəçiləri kimi təqdim etməklə diasporun maliyyə dəstəyini, kilsənin himayəsini və Rusiyada bu xətti dəstəkləyən qüvvələrin rəğbətini qazanmağa çalışırlar”.

Z. Əmralıyev bildirib ki, irəli sürülən təklifin tamamilə absurd olduğunuvə heç bir hüquqi əsasa malik deyil:

“Belə bir qanunun qəbul edilməsi beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olardı. Xüsusilə nəzərə almaq lazımdır ki, Nikol Paşinyan hakimiyyəti hazırda Ermənistanın Avropa İttifaqı ilə inteqrasiyasını sürətləndirməyə və ölkəni Qərb siyasi məkanına yaxınlaşdırmağa çalışır. Belə bir dövrdə milli mənsubiyyətə görə məhdudiyyətlər nəzərdə tutan qanunların qəbul edilməsi Ermənistanın demokratik imicinə ciddi zərbə vura, həmçinin Avropa İttifaqına inteqrasiya prosesini çətinləşdirə bilər."