Ermənistan ABŞ-dan V-BAT tipli PUA-lar alıb

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-dən V-BAT tipli pilotsuz uçuş aparatları (PUA) aldıqlarını açıqlayıb.

Sherg.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistana səfər edən ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.

Baş nazir bildirib ki, ABŞ Prezidenti Donald Trampdan Qəzza üçün yaradılan “Sülh Şurası”nın 19 fevralda keçiriləcək ilk iclasında iştirak etməsi ilə bağlı dəvət alıb və bu dəvəti məmnuniyyətlə qəbul edib.

Paşinyan Venslə görüşündə Ermənistanda aparılan institusional islahatların və bu sahədə ABŞ tərəfindən göstərilən uzunmüddətli dəstəyin müzakirə edildiyini qeyd edərək, “Bu gün Ermənistan-ABŞ münasibətləri indiyədək olmadığı qədər güclüdür”, - deyə vurğulayıb.

Ermənistanla ABŞ arasında bütün əməkdaşlıq və fəaliyyətlərin sülh və sabitliyə xidmət etdiyini bildirən Paşinyan, 8 avqust 2025-ci ildə Azərbaycanla əldə olunan sülhün artıq real və sahə üzrə nəticələr verməyə başladığını söyləyib.

O, ABŞ-dan alınan V-BAT tipli PUA-larla bağlı deyib:

“Ermənistan ABŞ-dan V-BAT tipli pilotsuz uçuş aparatları satın alıb. Effektivliyi və zəngin istifadə təcrübəsi ilə sübut olunmuş bu PUA-lar müdafiə qabiliyyətimizin gücləndirilməsinə mühüm töhfə verəcək. ABŞ-ın ‘Foreign Military Sales’ proqramı çərçivəsində həyata keçirilən bu razılaşmanın müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əsas yaradacağına ümid edirəm.”

Paşinyan Azərbaycanla sülh prosesinə verdiyi töhfələrə görə ABŞ Prezidenti Donald Trampa və vitse-prezident Vensə təşəkkür edərək bildirib:

“Bir neçə gün əvvəl Azərbaycan Prezidenti ilə Əbu-Dabidə görüşdük. Təəssüratım budur ki, sülhün artıq geri dönməz sayıla biləcəyi nöqtəyə çox yaxınıq, hətta bu həddi keçmiş ola bilərik. İndi əsas vəzifəmiz sülh prosesinin ən mühüm elementlərindən biri olan TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsini həyata keçirməkdir.”