Ermənistan ABŞ və TRİPP layihəsi ilə özünü daha güvənli hiss etmək istəyir - ŞƏRH

Ancaq istənilən halda regionda sülhün əsas təminatçısı Azərbaycanın hərbi gücüdür

“ABŞ-ın paytaxtı Vaşinqtonda sülhün institutlaşdırılması və TRİPP layihəsinin praktiki tətbiqi istiqamətində daha bir mühüm addım atıldı və mən hamımızı bu münasibətlə təbrik edirəm”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan özünün Feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, ötən gün Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Marko Rubio arasında görüş keçirilib. Görüşdə TRİPP layihəsinin praktiki icra mexanizmləri, regional nəqliyyat və tranzit məsələləri, eləcə də Ermənistan–ABŞ münasibətlərinin gələcək istiqamətləri müzakirə olunub. 

Araşdırmaçı- jurnalist Asəf Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin Ermənistandan keçən mühüm bir hissəsinin qurulmasını ehtiva edən TRİPP layihəsinin reallaşdırılması istiqamətində atılan addımlar alqışlanmalıdır. Onun sözlərinə görə, bu layihə orta dəhliz üçün mühüm infrastruktur layihələrindən biri hesab olunur:

“Bu layihəni reallaşdırılmasında sözsüz ki, hər bir tərəfin öz marağı var. Maraqlı tərəflər sözsüz ki, ABŞ, Ermənistan və Azərbaycandır. ABŞ bölgədə öz iqtisadi mövcudluğunu möhkəmlənirmək istəyir. Rusiya və İranın illərlə hökmüran olduğu bir regionda iqtisadi rıçaqlardan ən mühümünə nəzarət etmək imkanı ABŞ üçün mühüm əhəmiyyət kəsb edir. Ermənistanın da təbii ki, öz maraqları var. Bir daha qeyd edirəm ki, TRİPP layihəsi Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsini əhatə edir. Bununla da Ermənistan-ABŞ iqtisadi münasibətlərində yeni səhifə açılmış olur. Nəzərə alsaq ki, hələ də Ermənistanın dəmir yolları Moskvanın idarəçiliyindədir, bu layihə məhz Rusiyanın sıxışdırılması üçün Ermənistana əlavə motivasiya verəcək. Ermənistan bununla da özünü daha güvənli hiss etmək istəyir. Sözsüz ki, rəsmi Bakı da TRİPP layihəsində maraqlıdır. Orta dəhlizin mühüm ölkəsi olan Azərbaycan regional inteqrasiya, Naxçıvanı ölkənin digər bölgələri ilə birləşdirəcək daha qısa yol, Türkiyəyə daha qısa yol baxımından maraqlıdır. O ki, qaldı TRİPP layihəsinin sülh üçün nə dərəcədə əhəmiyyətli olmasına, sözsüz ki, kommunikasiyaların açılması, regional inteqrasiya və iqtisadi əlaqələr özlüyündə sülh üçün yaxşı zəmindir. Amma son illər həm Cənubi Qafqazda, həm də bütün dünyada baş verən hadisələr bir daha sübut etdi ki, regionda sülhün əsas təminatçısı Azərbaycanın hərbi gücüdür. Buna görə də rəsmi Bakı bu istiqamətə hər zaman önəm verib, verir və verəcək. Ermənistanın hansısa qlobal güc mərkəzi ilə Cənubi Qafqazda yeni reallıq yaratmaq istəyi artıq Azərbaycanın hərbi potensialının kölgəsində qalacaq”.