"Müharibə partiyası" ifadəsinin arxasında gizli mesaj var”
“Tural İsmayılov: "Rubinyanın sözləri həm siyasi texnologiya, həm də real siqnaldır”
"Üçbaşlı müharibə partiyası”nın proqramı Ermənistan və Azərbaycan arasında yeni müharibəyə hesablanıb”. Bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan radikal müxalifətin seçki ilə bağlı icra proqramını şərh edərkən deyib.
Vitse-spikerin fikrincə, bu radikal qüvvələrin proqramları “Daşnaksütyun” terror təşkilatının təhlükəli ideologiyasını əks etdirir.
Rubinyanın sözlərinə görə, radikal müxalifət Ermənistanda hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla paraflanmış sülh sazişini yenidən nəzərdən keçirməyi hədəfləyir:
“Əgər kabus ssenarisi təsəvvür etmək istəyirsinizsə, onda paraflanmış sülh sazişini qəbul etmədiyiniz və ya yenidən nəzərdən keçirdiyiniz bir durum düşünün, başqa sözlə, onu ləğvi müharibə deməkdir”.
Parlament sədrinin müavini əlavə edib ki, xalq “üçbaşlı müharibə partiyası” ilə sülhpərvər qüvvələr (Nikol Paşinyan hökuməti) arasında seçim etməlidir.
Xatırladaq ki, Ruben Rubinyan “üçbaşlı müharibə partiyası” dedikdə, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rəhbəri olduğu “Ermənistan” bloku, rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” və Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyalarını nəzərdə tutur.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Mövzunu şərh edən politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Ruben Rubinyanın “üçbaşlı müharibə partiyası” ifadəsi ilk baxışda emosional-siyasi ritorika təsiri bağışlasa da, məsələyə yalnız bu prizma ilə yanaşmaq yetərli deyil. Burada həm daxili siyasi mübarizənin dili, həm də real təhlükə ehtimallarının siqnalı paralel şəkildə mövcuddur.
Politoloq qeyd edib ki, Ermənistanın daxili siyasi konfiqurasiyasına baxdıqda, hakimiyyətlə radikal müxalifət arasında kəskin ideoloji uçurum var:
"Müxalif düşərgədə yer alan və müəyyən hallarda Daşnaksütyun kimi strukturlarla assosiasiya olunan qüvvələr tarixi olaraq daha sərt, maksimalist və kompromissə qapalı mövqe ilə seçiliblər. Bu baxımdan Rubinyanın çıxışı həm də seçkiöncəsi rəqibləri delegitimləşdirməyə hesablanmış klassik siyasi texnologiyadır – yəni “onlar hakimiyyətə gəlsə, ölkəni müharibəyə aparacaqlar” tezisi.
Amma məsələ bununla bitmir. Regionun geosiyasi reallıqları göstərir ki, Ermənistan daxilində revanşist meyllər hələ də tam sıradan çıxmayıb. Xüsusilə 2020-ci ildən sonra formalaşan psixoloji travma və “itirilmiş status-kvo” sindromu müəyyən siyasi dairələr tərəfindən manipulyasiya olunur. Bu kontekstdə “müharibə partiyası” anlayışı tamamilə uydurma deyil – bu, real sosial-siyasi təbəqəyə işarədir, sadəcə Rubinyan bunu şişirdilmiş və emosional formada təqdim edir".
T. İsmayılov qeyd edib ki, bu cür ifadələr həm də beynəlxalq auditoriyaya mesajdır:
"Hakimiyyət özünü “sülh tərəfdarı”, müxalifəti isə “radikal və təhlükəli” kimi təqdim etməklə Qərb və regional aktorların dəstəyini qorumağa çalışır. Bu, xüsusilə Ermənistanın hazırkı xarici siyasət kursu fonunda başadüşüləndir. Rubinyanın dediklərini nə tam reallıq kimi qəbul etmək olar, nə də sırf populist ritorika kimi kənara atmaq. Bu, iki qatlı mesajdır: bir tərəfdən daxili siyasi rəqiblərə qarşı alət, digər tərəfdən isə regionda mövcud olan potensial risklərin şişirdilmiş, amma tam əsassız olmayan təsviri. Yəni, ifadə emosionaldır, amma boş deyil – altında real narahatlıqların kölgəsi var".