Ermənistan ixrac edə biləcəyi məhsulların siyahısını Azərbaycana təqdim edib

“Azərbaycan bizə ixrac edə biləcəyi bir çox məhsulun siyahısını verib, biz də onlara”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə deyib.

“Müzakirələr gedir, Azərbaycan bizə ixrac edə biləcəyi bir çox məhsulun siyahısını verib, biz də onlara. Amma hələ ciddi rəqabət üstünlükləri yoxdur. Əlbəttə, müxtəlif mədəni-psixoloji məsələlər də var, amma bu prosesdir, ticarət olacaq. Əminəm ki, iki ölkə arasında yüz milyonlarla dollar potensial var, amma vaxt tələb olunur”, - nazir bildirib.

Papoyan əlavə edib ki, Azərbaycandan yanacaq idxalı iş adamlarının ixtiyarındadır, proses öz relsi üzrə gedir: “Onlar pulu köçürəcəklər, biz benzin alacağıq və burada əlçatan qiymətlərlə satacağıq”.