Ermənistan türk dövlətləri ilə yaxınlaşır, bu, yeni xətt deyil - EKSPERT

İrəvan regional təcriddən çıxmağa çalışır, turizm diplomatiyası işə düşdü

Ermənistanın Daşkənddəki səfiri Georgi Köçəryan Özbəkistanın Turizm Komitəsinin sədr müavini Sancar Taciyevlə görüşüb.

Bu barədə Ermənistanın Özbəkistandakı səfirliyi məlumat yayıb. Daşkənddə keçirilən görüşdə tərəflər Ermənistan və Özbəkistanda turizmin inkişaf proqramlarını və mövcud imkanları təqdim ediblər. Həmsöhbətlər həmçinin iki ölkə arasında turizm sahəsində əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayaraq, bu mövzuda bəzi praktik təkliflər irəli sürüblər.

Qeyd edək ki, Ermənistan son dövrlərdə Mərkəzi Asiya və türk dövlətləri ilə siyasi və diplomatik əlaqələrini bərpa etməyə yönəlmiş addımlar atır. Bəzi ekspertlər hesab edir ki, Ermənistanın Mərkəzi Asiya dövlətləri ilə diplomatik məsləhətləşmələri, Azərbaycanla sülh danışıqları fonunda regional əlaqələrini gücləndirmək və balanslaşdırmaq məqsədi daşıyır. İrəvan, bu görüşlər vasitəsilə həm sülh prosesinə dəstək verən regional tərəfdaşlarla münasibətlərini aktivləşdirir, həm də gələcəkdə Azərbaycanla münasibətlərin normallaşması zamanı öz diplomatik mövqeyini möhkəmləndirmək üçün etibarlı dialoq kanalları formalaşdırır.

Siyasi şərhçi Azər Həsrət isə Sherg.az-a açıqlamasında Ermənistanın Mərkəzi Asiya türk dövlətləri ilə əlaqələrinin tarixi və strateji baxımdan problemli olmadığını xatırladıb. Onun sözlərinə görə. Ermənistan uzun illərdir Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla diplomatik münasibətlərə malikdir. Yəni bugünkü Özbəkistan – Ermənistan məsləhətləşmələri, əslində, uzun illərdir formalaşmış əməkdaşlıq mexanizmlərinin növbəti mərhələsidir:

“Özbəkistan və Ermənistan arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılan addımlar İrəvanın regionda fəallaşma cəhdlərinin tərkib hissəsi kimi görünür. Ermənistan son illər müxtəlif ölkələrlə, xüsusilə türk dövlətləri ilə humanitar və turizm əlaqələri qurmağa çalışır. Bu cür təşəbbüslər yalnız iqtisadi məqsəd daşımır, eyni zamanda siyasi məzmun da ehtiva edir. Ermənistan müəyyən mənada regional təcriddən çıxmağa çalışır və turizm, mədəniyyət, humanitar əməkdaşlıq kimi daha yumşaq sahələrdən istifadə edərək yeni əlaqə kanalları formalaşdırmağa cəhd edir. Bu vasitələrlə həm beynəlxalq imicini yaxşılaşdırmaq, həm də regionda mövqelərini gücləndirmək niyyətindədir. Lakin bütün bunlar yeni geosiyasi xəttin başlanğıcı deyil, daha çox mövcud diplomatik münasibətlərin aktivləşdirilməsi və mövcud boşluqların doldurulması kimi qiymətləndirilməlidir. Çünki bu dövlətlər hələ Sovet dövründən bəri bir-biri ilə institusional və iqtisadi əlaqələrə malik olub, bu gün həmin münasibətlər sadəcə müasir reallıqlara uyğunlaşdırılır. Fikrimcə, Özbəkistan -Ermənistan siyasi məsləhətləşmələri regionun ümumi diplomatik dinamikasının tərkib hissəsi kimi qiymətləndirilməlidir”.