Ermənistan-Türkiyə dialoqu Azərbaycanın razılığı ilə gedir - EKSPERT

Turan Rzayev: Türkiyə investisiyaları Ermənistanın siyasətini tam dəyişdirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə normallaşma prosesi çərçivəsində quru sərhədinin açılması ilə bağlı yaxın vaxtlarda konkret irəliləyiş gözlədiyini bildirib. Paşinyan iki ölkə arasında dialoqun müsbət davam etdiyini, müntəzəm görüşlərin keçirildiyini qeyd edib.

Onun sözlərinə görə, əsas hədəf diplomatik münasibətlərin qurulması və quru sərhədinin açılmasıdır. O, həmçinin Türkiyə-Azərbaycan yük daşımaları üçün tranzit marşrut təqdim etməyə hazır olduqlarını deyib.

Mövzu ilə politoloq Turan Rzayev “Sherg.az”a bildirib ki, bir müddətdir davam edən proses əslində Azərbaycan-Ermənistan danışıqları ilə paralel şəkildə irəliləyir:

“Bu proses koordinasiyalıdır. Müəyyən mərhələlərdə tərəflər arasında qarşılıqlı məsləhətləşmələr aparılır, mövqelər uzlaşdırılır, məlumat mübadiləsi həyata keçirilir. Türkiyə Azərbaycanı, Azərbaycan isə Türkiyəni mütəmadi şəkildə məlumatlandırır.

Ermənistan təsirə açıq ölkədir və müxtəlif güc mərkəzlərinin təsiri altında qalmaq riskini daşıyır. ABŞ, Fransa və ya Rusiyanın təsir dairəsində qalmaqdansa, Türkiyə və Azərbaycanla dialoq və iqtisadi inteqrasiya yolu ilə münasibətlərin normallaşması daha məqbul variant kimi qiymətləndirilə bilər.

Enerji məsələsi də bu kontekstdə strateji xarakter daşıyır. Ermənistanın enerji ehtiyaclarını Rusiyadan və ya İrandan alması əvəzinə, daha sərfəli şərtlərlə Azərbaycandan təmin etməsi onu iqtisadi baxımdan Azərbaycana bağlaya bilər. Bu, paralel olaraq Türkiyə ilə münasibətlərin normallaşması və iqtisadi əlaqələrin genişlənməsi fonunda Ermənistanın regional asılılıq balansını dəyişə bilər. Türkiyə şirkətlərinin investisiyaları və iqtisadi iştirakı artdıqca, ölkədə Türkiyənin iqtisadi varlığı formalaşa bilər”.

Ekspert əlavə edib ki, Türkiyə–Ermənistan sərhədinin açılması məsələsi də bu paralel prosesin tərkib hissəsidir:

“Xüsusilə Zəngəzur dəhlizi reallaşanda, Türkiyə ilə Ermənistan arasında birbaşa quru əlaqəsi daha funksional xarakter alacaq. Proses paralel getdiyi üçün sərhədin açılması da eyni məntiq çərçivəsində baş verə bilər. Hətta müəyyən mərhələdə daha tez açılması da mümkündür və bu, qeyri-adi hal sayılmamalıdır. Türkiyə ilə Ermənistan arasında müqavilələrin və iqtisadi əlaqələrin artması Azərbaycan–Ermənistan danışıqlarına da dolayısı ilə müsbət təsir göstərə bilər. Perspektiv baxımından model Azərbaycan-Gürcüstan münasibətlərinə bənzər şəkildə qurula bilər”.