Ermənistandan Türkiyə etirafı: “70 ildir yanlış təsəvvürlə yaşamışıq”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan ölkəsinin Türkiyə təhlükəsi bəhanəsi ilə 70 il Rusiyadan asılı təhlükəsizlik siyasəti yürütdüyünü etiraf edib.

Sherg.az xəbər verir ki, Simonyan Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayaraq, “Rusiyaya yaxın olmalıyıq, yoxsa türklər bizi yeyəcək” düşüncəsinin reallıqla heç bir əlaqəsi olmadığını bildirib.

O, Ermənistanın gələcək nəsillərə qisas deyil, sülh mirası qoymalı olduğunu deyib.

Simonyan Türkiyə və Azərbaycanla müharibə ehtimalı üzərindən siyasət yürütməyin yanlış olduğunu qeyd edərək, ölkəsinin əsas təhlükəsizlik təminatının münaqişəyə səbəb olmamaqdan keçdiyini vurğulayıb.

Erməni rəsmisi əlavə edib ki, Türkiyənin mümkün hücumu qarşısında Ermənistanın hərbi gücünü artırmağa vaxtı belə olmaya bilər və Rusiyanın hərbi bazası da ölkəni xilas etməyə bilər.