Polad Mehdiyev: “Qərbi Azərbaycanda abidələrin sistemli dağıdılması planlı siyasətin tərkibidir”
Beynəlxalq hüquq ədaləti tələb edir, mədəni irsin məhv edilməsi məsuliyyətsiz qala bilməz
"Ermənilər tərəfindən Azərbaycana məxsus mədəni irsin məhv edilməsi və bərpası məsələsi ayrıca hüquqi məsuliyyət yaradır". 
Bu barədə "Şərq"ə açıqlamasında siyasi şərhçi və hüquqşünas Polad Mehdiyev deyib. Ekspert vurğulayıb ki, 1954-cü il Haaqa Konvensiyası, 1972-ci il UNESCO-nun Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi Konvensiyası, həmçinin silahlı münaqişələrdən kənar dövrdə də tətbiq olunan mədəni irsin qorunması prinsipləri açıq şəkildə göstərir ki, mədəni irsin məqsədli şəkildə dağıdılması beynəlxalq hüququn pozuntusudur: "Ayrı-ayrı müsəlman abidələrinin saxlanılması faktının qabardılması ümumi vəziyyəti dəyişmir. Hüquqi qiymətləndirmə istisnalara deyil, ümumi mənzərəyə əsaslanır. Ümumi mənzərə isə ondan ibarətdir ki, Qərbi Azərbaycanda azərbaycanlılara məxsus məscidlər, qəbiristanlıqlar, pir və ziyarətgahlar sistemli şəkildə dağıdılıb, silinib və ya mənsubiyyəti dəyişdirilib. Bu faktlar dağıntının təsadüfi yox, məqsədli və planlı siyasətin tərkib hissəsi olduğunu açıq şəkildə göstərir. Eyni zamanda, beynəlxalq hüquqi qiymətləndirmə tələbi tam əsaslıdır və gecikmiş ədalətin bərpasına yönəlib. Dövlətlərin beynəlxalq hüquqa zidd əməllərinə görə məsuliyyəti prinsipi uzun illərdir formalaşmış hüquqi yanaşmadır. Mədəni irsin məhv edilməsi, əhalinin zorla öz tarixi torpaqlarından çıxarılması və onların geri qayıtmaq hüququnun onilliklər boyu faktiki olaraq tanınmaması davam edən hüquq pozuntuları kimi qiymətləndirilir. Bu səbəbdən Azərbaycanın məsələni beynəlxalq müstəvidə qaldırması nə siyasi iddia, nə də emosional çağırışdır. Bu, pozulmuş hüquqların tanınması və hüquqi məsuliyyətin müəyyən edilməsi məqsədi daşıyan legitim tələbdir".