“Ermənistanın sahibi oluruq”: Paşinyan seçdiyi yolla davam etməyin vacibliyini bildirib

  • "Dünyada həll olunmamış problemləri olmayan dövlət olmayıb, yoxdur və olmayacaq"

Müstəqillik və dövlətçilik Ermənistan xalqının əsas sərvətləridir. Bundan əlavə, milli kimliyin və mədəniyyətin qorunmasına və inkişafına məhz dövlət təminat verməlidir.

Sherg.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş Respublika meydanındakı bayram tədbirində çıxışı zamanı bildirib.

Paşinyan ölkənin gələcəyi üçün müstəqillik və dövlətçiliyin əhəmiyyətini də vurğulayıb.

“Biz bu yolla – öz dövlətimizin sahibi olduğumuz yolla davam etməliyik. Dövlətimizin fasiləsiz və davamlı mövcudluğu baxışını rəhbər tutmalıyıq. Müstəqil dövlət artıq arzu olmamalı, arzularımızın gerçəkləşməsinə çevrilməlidir”, - baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan hazırda nəzərəçarpacaq dərəcədə inkişaf edir, lakin ölkədə həllini gözləyən çoxsaylı problemlər qalır. Bununla belə, bu, dövlətə sevgini azaltmaq üçün əsas deyil. Çünki dünyada həll olunmamış problemləri olmayan dövlət olmayıb, yoxdur və olmayacaq.

Baş nazir qeyd edib ki, bəzi problemlərin həlli qaçılmaz olaraq yeni problemlərin yaranmasına gətirib çıxarır və bu prosesin özü də sonsuzdur.

“Məhz bu proses inkişafı, tərəqqini və yüksəlişi təmin edir. Dövlətin inkişafı, yeni keyfiyyətli dövlətin qurulması və onun dayanıqlığının təmin edilməsi hər gün hamımızın birgə həll etməli olduğumuz əsas vəzifədir”, - Paşinyan vurğulayıb.

O, həmçinin dövlətlə vətəndaş arasındakı əlaqənin möhkəmləndirilməsinin zəruriliyini bildirib.

Sentyabrın 21-də Ermənistan müstəqilliyinin 35-ci ildönümünü qeyd edir. 1991-ci ilin həmin günündə respublikada müstəqilliklə bağlı referendum keçirilib. Səsvermədə iştirak edənlərin təxminən 99 faizi SSRİ-nin tərkibindən çıxmağı və müstəqil dövlət yaradılmasını dəstəkləyib. Seçici fəallığı təxminən 95 faiz təşkil edib.