Əslində Sahibə Qafarova ilə biz eyni fikirləri səsləndirmişik - Tənzilə Rüstəmxanlı

"Mövzunun başqa yönlərə getməsini istəmirəm..."

Bu gün Milli Məclisdə ailə dəyərləri və uşaq hüquqları ilə bağlı müzakirələr polemikaya səbəb olub. Parlamentin gündəliyində yer alan “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Tənzilə Rüstəmxanlının milli-mənəvi dəyərlərlə bağlı vurğuları zalda fərqli çalarlarla qarşılanıb. Milli Məclisin spikeri Sahibə Qafarova deputata cavabında onun fikirlərində müəyyən nöqsanlar olduğunu bildirib. Spikerin sözlərinə görə, Azərbaycanda ailə dəyərləri yüksək səviyyədə qorunur, qəbul olunan qanunlar və qanunvericiliyə edilən təkliflər isə bunu açıq şəkildə təsdiqləyir. S.Qafarova, T.Rüstəmxanlını reallıqları açıq şəkildə ifadə etməyə çağırıb.

 Sherg.az hadisənin təfərrüatlarını Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlıdan öyrənib:

- Tənzilə xanım, bu gün Sahibə Qafarova ilə aranızda polemika yaşanıb. Məsələyə dair nə deyə bilərsiniz?

- Sahibə Qafarova ilə aramızda polemika yaranmayıb. Bu müzakirə mövzusu ola bilməz. Milli məclisdə belə hadisələr normal haldır. Mən fikrimi bildirdim. S.Qafarova da cavabında, milli mənəvi dəyərlərimizin qorunduğunu vurğuladı. Əslində ikimiz də eyni fikirləri səsləndirmişik. Mövzunun başqa yönlərə getməsini istəmirəm. 

- Açıqlamanızdan görünür ki, siz Epşteyn hadisələrinə istinadən mövzuya başlamısız.

- Axı biz ayda yaşamırıq. Dünyada çox pis hadisələr baş verir. Müzakirə mövzumuz uşaq hüquqları ilə bağlı idi. Məqsədim Epşteyn hadisələri kontekstində müqayisəli təhlil aparmağa əsaslanmışdı. Uşaq hüquqları və demokratik dəyərlər mövzusu adətən ABŞ kimi ölkələrin təşəbbüsü ilə formalaşdırılmış universal model kimi təqdim olunurdu. Lakin Epşteyn hadisələri ilə bağlı yayılan görüntülərdə, uşaq hüquqlarının tapdalandığını gördük. Millətimizin minilliklərə söykənən zəngin tərbiyə ənənəsi mövcuddur. Bəlkə də bu dəyərlər, qanunlarımızda açıq-aydın görünmür. Ancaq yeni qanun layihəsi uşaqların hüquqlarını ən incə məqamlarına qədər əhatə edir. Yəni biz övladlarımızı türk əxlaqına əsaslanan ən sağlam tərbiyə metodları ilə qorumaq məsuliyyətindəyik. Bizə məxsus zəngin təcrübəni araşdırmaq və təbliğ etmək vacibdir ki, uşaqlarımızı dünyada baş verən mürəkkəb proseslərin mənfi təsirlərindən qoruya bilək.

Aybəniz Səfərova