Fransa marketlərinə kiberhücuma görə İranı məsul tutdu - “Cavabsız qalmayacaq”

Fransa ötən ay yüzlərlə supermarketin soyuducu və dondurucularını sıradan çıxaran kiberhücuma görə İranı məsul tutub.

Sherg.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro hücumun İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən həyata keçirildiyini açıqlayıb.

Nazirin sözlərinə görə, oktyabrın 11-12-də baş verən hücum nəticəsində yüzlərlə marketdə soyuducuların temperatur nəzarəti sistemləri sıradan çıxıb, ərzaq məhsulları yararsız hala düşüb. Hücumun Fransaya vurduğu ümumi zərərin on milyonlarla avroya çata biləcəyi bildirilir.

Barro İranın Parisdəki səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığını və ona etiraz notasının təqdim edildiyini bildirib.

O, hücuma görə məsuliyyət daşıyanlara qarşı Avropa səviyyəsində sanksiyaların tətbiq ediləcəyini vurğulayaraq, hadisənin “cavabsız qalmayacağını” bəyan edib.