Fransada tələbələrin başlatdığı etirazlar ölkənin müxtəlif şəhərlərinə yayılaraq genişmiqyaslı aksiyalara çevrilib.
Sherg.az xəbər verir ki, şagirdlərin daha yaxşı təhsil və fiziki şərait tələbi ilə başladığı etirazlara valideynlər, müəllimlər, həmkarlar ittifaqları və müxalifət nümayəndələri də qoşulub.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə aksiyalarda təxminən 266 min nəfər iştirak edib. Etirazçılar isə bu rəqəmin 450 minə yaxın olduğunu bildirir.
Polisin müdaxiləsi zamanı gözyaşardıcı qazdan istifadə edilib, bəzi ərazilərdə dəyənəklərlə müdaxilələr olub. İndiyədək 488 nəfər saxlanılıb, onlarla liseydə dərslər dayandırılıb.

Şagirdlər məktəb binalarının vəziyyətinin yaxşılaşdırılmasını, siniflərdə sıxlığın azaldılmasını, müəllim çatışmazlığının aradan qaldırılmasını və “Parcoursup” universitet qəbul sistemi ilə bağlı bərabərsizliklərin aradan qaldırılmasını tələb edirlər.
Prezident Emmanuel Makron böhranı müzakirə etmək üçün hökumət üzvləri ilə görüşüb. Baş nazir Sebastyan Lekornu isə tələbə etirazları ilə yanaşı, yanacağın qiymətləri, kənd təsərrüfatı böhranı və ölkənin dövlət borcu ilə bağlı açıqlama verəcək.
Tələbə birlikləri bu gün və sabah yeni yürüşlərin keçirilməsinə və mövcud blokadaların davam etdirilməsinə çağırıb. Hökumətin isə rekord həddə çatan dövlət borcu fonunda təhsil sahəsinə əlavə maliyyə ayırmaq imkanları məhdud olaraq qalır.